MİLLİ MƏCLİSDƏ MÜHARİBƏ VETERANLARI İLƏ GÖRÜŞ KEÇİRİLDİ

XƏBƏRLƏR
14 oktyabr 2017 | 12:10   
Paylaşın:        

Oktyabrın 13-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov  Bakıda keçirilən “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans  iştirakçılarının bir qrupu ilə görüşüb.
Birinci vitse-spiker qonaqları parlamentdə salamlayaraq dedi ki, müharibə veteranları ilə görüşmək hər zaman çox xoş və şərəflidir. O, Bakıda təşkil edilmiş beynəlxalq tədbirin əhəmiyyətli olduğunu bildirdi. Qeyd edildi ki, Azərbaycan İkinci Dünya Müharibəsi zamanı faşizm üzərində qələbənin əldə edilməsində önəmli rol oynayıb. Bu müharibədə həlak olanların əziz xatirəsi həmişə yaddaşlarda qalacaq.
Diqqətə çatdırıldı ki, Böyük Vətən Müharibəsi illərində Azərbaycan oğul və qızları misli görünməmiş şücaət göstəriblər. Müharibədə 700 mindən çox azərbaycanlı iştirak edib və onlardan 300 mini amansız döyüşlərdə həlak olub. On minlərlə soydaşımız yaralanıb, minlərlə insan itkin düşüb. Azərbaycanın qəhrəman övladları döyüşlərdə göstərdikləri şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, müxtəlif orden və medallarla təltif olunublar.
Qələbənin qazanılmasında Bakı neftinin xüsusi önəm daşıdığını deyən Ziyafət Əsgərov bildirdi ki, müharibə illərində Azərbaycan cəbhəni neft və neft məhsulları ilə təmin edib. Tankların, təyyarələrin, hərbi avtomobillərin hər beşindən dördü Bakı nefti ilə işləyib. Eyni zamanda,  Bakıda müxtəlif növ silah və hərbi sursat istehsal olunub. 1942-ci ildə isə    Bakıda o zaman məşhur olan “Katyuşa” silahını istehsal edən zavod yaradılmışdı. Söhbətdə, həmçinin, arxa cəbhədə çalışan həmvətənlərimizin  fədakarlığı barədə məlumat verildi. Qeyd edildi ki, Böyük Vətən  Müharibəsində Azərbaycanın qəhrəman oğullarının keçdiyi cəsarətli döyüş yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Bu gün çox önəmlidir ki, biz keçmişimizi hörmətlə yad edərək mehriban qonşuluq münasibətləri quraq.
Bildirildi ki, ölkəmizdə Böyük Vətən Müharibəsi iştirakçılarına və onların ailələrinə dərin hörmət hissi ilə yanaşırlar. Azərbaycan dövləti müharibə veteranlarına həmişə böyük qayğı və diqqət göstərib. Onlar yüksək mükafatlarla təltif olunublar, minik avtomobilləri, mənzillərlə təmin ediliblər, maddi yardımlar alıblar. Dövlət başçısının qələbənin 72-ci ildönümü münasibəti ilə verdiyi sərəncama əsasən Böyük Vətən müharibəsi iştirakçılarına 1000 manat, döyüşlərdə həlak olanların ailələrinə, arxa cəbhədə çalışanlara isə 500 manat məbləğində müavinət  təqdim edilib.
Diqqətə çatdırıldı ki, ümummilli lider Heydər Əliyev hər zaman  müharibə veteranlarına böyük ehtiramla yanaşmış, onları xalqımızın qızıl fondu adlandırmışdı.
Ziyafət Əsgərov təəssüf hissi ilə bildirdi ki, ölkəmiz bu gün də müharibə şəraitində yaşayır. Azərbaycan ərazisinin 20 faizi erməni separatçıları tərəfindən işğal edilib.  Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Xalqımıza qarşı törədilən Xocalı soyqırımı məhz erməni faşizminin təzahürüdür. Biz bununla heç bir zaman barışmayacağıq və mübarizəmizi əzmlə davam etdirəcəyik. Sədr müavini vurğuladı ki, biz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun həllini istəyirik və buna çalışırıq.
Nümayəndə heyəti adından çıxış edən Tarix və mədəni irsin qorunması üzrə vətəndaşlar və təşkilatlar ittifaqının vitse-prezidenti Alfred Qaponenko qəbula görə təşəkkürünü ifadə etdi. O, Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın verdiyi töhfələri yüksək qiymətləndirdi. Həm döyüş meydanlarında, həm də arxa cəbhədə xalqımızın göstərdiyi qəhrəmanlıqları tərənnüm etdi. Xüsusilə qeyd edildi ki, Bakı nefti olmasaydı, qələbəni əldə etmək mümkün olmazdı.
Qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, bir dövlətin digər dövlətin ərazilərini işğal etməsini qınadıqlarını diqqətə çatdırdı. O, problemin sülh yolu ilə həllinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə, qaçqınların və məcburi köçkünlərin tezliklə  doğma yurdlarına qayıtmasına tərəfdar olduqlarını bildirdi.
Alfred Qaponenko ölkəmizdə illər öncə olduğunu söylədi və bu gün Azərbaycanda müşahidə olunan yüksək inkişaf, quruculuq işlərindən məmnunluğunu ifadə etdi.
Nümayəndə heyətinin digər üzvləri Vladimir Tkaçenko, Salavat Şerbakov, Vladimir Alimov, Tatyana Lübçenko öz çıxışlarında Bakıda təşkil olunmuş beynəlxalq tədbirin önəmli olduğunu dedilər, İkinci Dünya müharibəsində  faşizm üzərində qələbənin əldə edilməsində, habelə müasir dünyada sülhün qorunmasında millətlər arasında birliyin, tolerantlığın rolundan bəhs etdilər, Azərbaycanın bu istiqamətdə gördüyü mühüm işlərdən danışdılar.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU