LİTVA SEYMİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
19 oktyabr 2017 | 06:10   
Paylaşın:        
Ölkəmizdə səfərdə olan Litva Seyminin sədr müavini İrena Şiaulienenin başçılıq etdiyi parlament nümayəndə heyəti oktyabrın 19-da Milli Məclisdə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.
Qonaqları salamlayan Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə bildirdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq sürətlə inkişaf edib. Dövlət başçılarının qarşılıqlı səfərləri, parlamentlərarası əlaqələrin genişlənməsi bu əməkdaşlığın inkişafına yeni töhfələr verir. Millət vəkili qeyd etdi ki, iki ölkə arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir, lakin onların daha da dərinləşdirilməsinə ehtiyac var. Mədəniyyət və humanitar sahələrdəki əlaqələr isə xalqlar arasındakı dostluğun  möhkəmləndirilməsinə xidmət edir. 
Görüşdə həmçinin Azərbaycan və Litvanın beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlığının vacibliyi qeyd edildi. 
Litva Seyminin sədr müavini, Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü  İrena Şiauliene ölkəsinin Azərbaycanla əlaqələrinə mühüm əhəmiyyət verdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji və nəqliyyat layihələri Avropa regionu üçün böyük önəm kəsb edir. Qonaq Litvanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini inkişaf etdirmək istiqamətində atdığı addımları aktiv dəstəklədiyini də dilə gətirdi. 
Söhbət zamanı iki ölkənin parlamentlərarası münasibətlərinin inkişaf perspektivləri və qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətində də fikir mübadiləsi aparıldı.
Görüşdə  Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kamran Bayramov, Fuad Muradov, Dilarə Cəbrayılova, Sona Əliyeva, Tahir Mirkişili, Elşad Həsənov, hər iki ölkənin səfirləri Həsən Məmmədzadə, Valdas Lastauskas və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU