MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
23 oktyabr 2017 | 04:10   
Paylaşın:        

Oktyabrın 23-də Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Çex Respublikası Senatının sədr müavini Yirji Şestakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Ölkələrimiz arasındakı əlaqələrdən söz açan Valeh Ələsgərov səfərin əhəmiyyətini yüksək dəyərləndirdi. Qeyd etdi ki, səfər çərçivəsində Bakıda keçiriləcək görüşlər və aparılacaq danışıqlar mövcud münasibətlərin daha yüksək səviyyəyə qalxmasına təkan verəcək. Vitse-spiker bildirdi ki, Azərbaycanla Çexiya arasında istər parlament, istərsə də hökumət səviyyəsində əlaqələr ildən-ilə inkişaf edir. Münasibətlərin dərinləşməsində parlamentlərarası dostluq qruplarının da rolu var.
Görüşdə nümayəndə heyətinin başçısı Yirji Şestak Azərbaycana səfərdən məmnunluqlarını bildirdi. Mövcud əməkdaşlıq əlaqələrini daha da dərinləşdirmək və genişləndirmək niyyətində olduqlarını dedi. Çexiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair dövlət başçılarının imzaladığı sənədi yada saldı. Siyasi əlaqələrlə yanaşı iqtisadi sahədə əməkdaşlığın da inkişafını istədiklərini bildirdi.
Söhbət zamanı Azərbaycanla əməkdaşlıq edən Çex şirkətlərindən də bəhs olundu. Bu əməkdaşlığın dərinləşdirilməsi vacibliyi vurğulandı. Qarşılıqlı maraq doğuran bir sıra məsələlər, xüsusilə də  Azərbaycanla əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin komitə sədrləri Eldar İbrahimov və Ziyad Səmədzadə, Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Sədaqət Vəliyeva, Ülviyyə Ağayeva, Kamilə Əliyeva və Kamran Nəbizadə iştirak edirdilər.


                                              Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU