AVRONEST PARLAMENT ASSAMBLEYASININ PLENAR SESSİYASI VƏ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
28 oktyabr 2017 | 03:10   
Paylaşın:        
Oktyabrın 30-dan noyabrın 1-dək Kiyevdə Avronest Parlament Assambleyasının plenar sessiyası və komitə iclasları keçiriləcək. İclaslarda Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi parlament nümayəndə heyəti iştitak edəcəkdir. 
Nümayəndə heyətinə deputatlardan Rauf Əliyev, Fərəc Quliyev, Məlahət İbrahimqızı, Rövşən Rzayev və Ağalar Vəliyev daxildirlər. 
Sessiya çərçivəsində Avronest Parlament Assambleyasının Siyasi məsələlər, İqtisadi inteqrasiya, Enerji təhlükəsizliyi və Sosial məsələlər komitələrinin iclasları keçiriləcək, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi böhranın nəticəsi kimi gənclər arasında işsizliyin aradan qaldırılması, Energetika sahəsində əməkdaşlığın aktivləşdirilməsi, Şərq Tərəfdaşlığı ölkələrində  əmək bazarında qadınların vəziyyəti, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində kiber təhlükəsizlik mövzularında hazırlanmış məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
Siyasi komitədə deputat Rövşən Rzayev Avropa İttifaqı və Şərqi Avropa tərəfdaş ölkələrində media azadlığının və qərəzsizliyin təmin edilməsi barədə hesabatı təqdim edəcək, mövzu ətrafında fikir mübadiləsi olunacaqdır.
Sosial komitənin iclasında isə komitənin həmsədri Məlahət İbrahimqızı cari il sentyabrın 22-də Milli Məclisdə keçirilmiş “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və  qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans barədə geniş məlumat verəcəkdir.
Məlahət İbrahimqızı Avronestin Qadın Forumunun da həmsədri kimi  Forumun işinə qatılacaq, iclasa sədrlik edəcəkdir.
Plenar sessiya çərçivəsində digər ölkələrin Büro üzvləri ilə birlikdə Azərbaycan nümayəndə heyətinin rəhbəri  Fuad Muradovun Ukrayna rəsmiləri ilə görüşləri də nəzərdə tutulmuşdur.
Parlament nümayəndə heyətinin səfəri noyabrın 2-də başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti   


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU