MİLLİ MƏCLİSİN DEPUTATI MOSKVA VƏ SANKT-PETERBURQDA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
30 oktyabr 2017 | 04:10   
Paylaşın:        
Noyabrın 1-də Moskvada Pedaqoji Dövlət Universitetinin yaradılmasının 145 illiyi ilə əlaqədar yubiley tədbiri, noyabrın 2-də isə  Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi daimi komissiyasının iclası keçiriləcəkdir. Tədbirlərdə Milli Məclisin deputatı Mixail Zabelin iştirak edəcəkdir.
Moskva Pedaqoji Dövlət Universitetinin yaradılmasının 145 illiyi ilə əlaqədar Kreml Sarayında keçiriləcək yubiley tədbirində Mixail Zabelinin tələbələr qarşısında çıxışı, həmçinin Ali Attestasiya Komissiyasının rəhbəri ilə görüşü nəzərdə tutulmuşdur.   
MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi daimi komissiyasının Sankt-Peterburqda keçiriləcək iclasında isə “Strateji proqnozlaşdırma və planlaşdırma sənədləri haqqında”, “Dövlət mülki və bələdiyyə qulluğu haqqında” model qanun layihələri, həmçinin MDB iştirakçısı olan ölkələr üçün model Seçki Məcəlləsi layihəsi, MDB ölkələri parlamentlərinin deputatlarının statusu haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələr, dövlət quruculuğu və yerli özünüidarəetmə sahəsində qanunların hazırlanması zamanı istifadə olunan terminlər lüğətinin hazırlanması vəziyyəti və digər mövzularda müzakirələr aparılacaqdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU