AZƏRBAYCAN-TACİKİSTAN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
10 noyabr 2017 | 04:11   
Paylaşın:        
Noyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin və Tacikistanla parlamentlərarası  əlaqələr üzrə işçi qrupunun Tacikistan Parlamentinin sədr müavini Akramşo Felaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, 1992-ci il noyabrın 16-da keçirilmiş Tacikistan Respublikası Ali Sovetinin XVI sessiyasından ötən 25 il ərzində Tacikistan müstəqil və inkişaf edən bir ölkəyə çevrildi. Bu gün Tacikistan Mərkəzi Asiyada aparıcı rola malik ölkələrdən biridir.
Görüşdə iştirak edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov diqqətə çatdırdı ki, o vaxt İmaməli Rəhmanovun Ali Sovetin sədri seçilməsindən sonra ölkədə anarxiyaya və ikihakimiyyətliliyə son qoyuldu, Tacikistan inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycanla Tacikistan arasında iqtisadi, siyasi, parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Prezident İlham Əliyev Tacikistanla münasibətlərin inkişafına böyük önəm verir.
Sonra Tacikistan Parlamentinin sədr müavini Akramşo Felaliyev bildirdi ki, bu il həm də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Bu illər ərzində iki ölkə arasında münasibətlər daha da yaxınlaşmışdır. Bu gün Azərbaycan və Tacikistan bir sıra beynəlxalq təşkilatlarda yaxından əməkdaşlıq edirlər.    
Tacikistan  Ali Sovetinin tarixi XVI sessiyası barədə danışan sədr müavini diqqətə çatdırdı ki, həmin gün tacik xalqının tarixində taleyüklü günlərdən biridir. Həmin gün ölkəyə yeni rəhbərin seçilməsi tacik xalqını və dövlətini məhv olmaqdan xilas etdi. 
 Söhbət zamanı Azərbaycan-Tacikistan parlamentlərarası  əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Milli Məclisin komitə sədri Arif Rəhimzadə, deputatlar Musa Quliyev, Rasim Musabəyov, Azər Badamov Azərbaycan-Tacikistan münasibətlərinin tarixindən, bu sahədə görülmüş işlərdən, qarşıda dayanan vəzifələrdən danışdılar, tacik xalqına və dövlətinə bu tarixi gün münasibətilə təbriklərini çatdırdılar. Görüşdə Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze çıxış edərək öz fikirlərini bölüşdü.
Görüşdə iştirak edən Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli bu tədbiri qardaş münasibətinin təzahürü kimi qiymətləndirdi və hər iki ölkəyə uğurlar arzuladı.

Milli Məclisin
Mətbuat xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU