MDB PA-nın DAİMİ KOMİSSİYALARINDA

XƏBƏRLƏR
14 noyabr 2017 | 06:11   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rauf Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün noyabrın 15-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Arif Rəhimzadənin sədrliyi ilə keçiriləcək Sosial siyasət və insan hüquqları daimi komissiyasında MDB-yə üzv ölkələrdə ailələr üçün həyat səviyyəsinin göstəriciləri ilə bağlı qurumun Statistika Komitəsinin məlumatı təqdim olunacaq, vətəndaşların hüquqi vəziyyəti haqqında informasiyanın əldə edilməsi və pensiya təminatı üzrə tövsiyələrə baxılacaq, model Miqrasiya və Əmək məcəllələri ətrafında müzakirələr aparılacaq.
Yığıncaqda Arif Rəhimzadə MDB-nin 2016-2020-ci illər üzrə qanunvericilik planında nəzərdə tutulan dəyişikliklər barədə məruzə ilə çıxış edəcək.
Mədəniyyət, informasiya, turizm və idman məsələləri daimi komissiyanda MDB dövlətləri üçün model Mədəniyyət Məcəlləsi, habelə “Şəxsi məlumatlar haqqında”, “İdmanda dopinqdən istifadəyə qarşı mübarizə”, “Məktəb idmanı”, “Sosial turizm” və digər model qanunların hazırlanması ilə bağlı fikir mübadiləsi aparılacaq.
Millət vəkilləri iclaslarda müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.
Səfər noyabrın 17-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU