ÇİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
14 noyabr 2017 | 06:11   
Paylaşın:        
Noyabrın 14-də Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Görüşdə QHT-lərin və Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri də iştirak edirdilər.
Qonaqları salamlayan Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov bildirdi ki, Çinlə işçi qrupu Milli Məclisdə ən böyük işçi qruplarından biridir. Parlamentin beş komitəsinin sədrləri də bu qrupun üzvüdürlər. 
Qeyd olundu ki, bu gün Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında münasibətlər yüksək səviyyədədir. Çin Kommunist Partiyasının 2017-ci ilin oktyabrında keçirilmiş 19-cu qurultayı barədə danışan Siyavuş Novruzov qurultayın uğurla keçməsi münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, həmin qurultayda qəbul olunmuş qərarlar təkcə Çin xalqı üçün deyil, həm də Orta Asiya və Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. 
2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başladığını xatırladan Siyavuş Novruzov bildirdi ki, gələcəkdə bu yol Çindən Böyük Britaniyaya qədər uzanaraq Asiya ilə Avropanı birləşdirəcək. 
Qeyd olundu ki, bu gün Çin iqtisadiyyatı dinamik inkişaf edir, dünya iqtisadiyyatında öz payını artırır və qlobal risklərin qarşısının alınmasında böyük rol oynayır.
Siyavuş Novruzov mötəbər beynəlxalq tədbirlərdə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Çin dövlətinə minnətdarlığını bildirdi.
Səmimi sözlər üçün təşəkkürünü bildirən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çju diqqətə çatdırdı ki, Çin və Azərbaycan ötən 25 il ərzində qarşılıqlı münasibətlərdə böyük uğurlara imza atıblar. Hər iki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksək səviyyədə olması da bu sahədə öz sözünü deyir. 
Sonra Li Çju Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 19-cu qurultayında müzakirə olunmuş məsələlər və qəbul olunmuş qərarlar barədə ətraflı məlumat verdi.
Söhbət zamanı Çinin inkişafında elmi-texniki tərəqqinin rolu barədə də fikir mübadiləsi aparıldı.
Görüşdə çıxış edən Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli və İsa Həbibbəyli Çin iqtisadiyyatının inkişafı, bu inkişafın gələcəkdə də davam etməsi üçün görülən işlər barədə fikirlərini bildirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU