AZƏRBAYCAN-LATVİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
24 noyabr 2017 | 03:11   
Paylaşın:        
Noyabrın 24-də Latviyanın Preyli şəhər dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə Regional məsələlər komitəsinin üzvləri ilə görüşdü. 
Qonaqları salamlayan Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov ölkələrimiz arasında mövcud olan ortaq dəyərlərdən danışdı. Bildirdi ki, həm Azərbaycan, həm də Latviya müstəqilliyini eyni ildə - 1918-ci ildə əldə edib. Gələn il hər iki ölkə müstəqilliyinin 100 illiyini qeyd edəcək.
Ölkələrimiz arasında mövcud olan münasibətlərdən danışan Milli Məclisin deputatı Azərbaycan ilə Latviyanın siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət sahələrində sıx əməkdaşlıq etdiklərini bildirdi. Diqqətə çatdırdı ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlər münasibətlərimizin daha da inkişafına xüsusi təkan verir. Qeyd edildi ki, iki ölkənin parlamentləri arasında da əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin parlamentində qarşılıqlı dostluq qrupları fəaliyyət göstərir.
Humanitar sahədə də münasibətlərin inkişaf etdiyini deyən Kamran Bayramov hazırda 150-yə yaxın azərbaycanlı tələbənin Latviyada təhsil aldığını, Azərbaycan diasporasının uğurla fəaliyyət göstərdiyini qeyd etdi. Kamran Bayramov Avropa Parlamentində Azərbaycana verdiyi dəstəyə görə Latviyaya təşəkkürünü bildirdi. 
Söhbət zamanı qonaqlara Azərbaycanda bələdiyyə institutunun fəaliyyəti, yerli özünüidarəetmə sahəsində görülmüş işlər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verildi.
Azərbaycanda ilk dəfə olduqlarını deyən Preyli şəhər dumasının sədri Maruta Plivda iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində işlərin davam etdirildiyini bildirdi. O, bu əməkdaşlığın davam etməsindən məmnunluğunu ifadə etdi və gələcəkdə Azərbaycandan Latviyaya daha çox insanın səfər edəcəyinə və dost ölkənin mədəniyyəti ilə tanış olacaqlarına əminliyini bildirdi.
Söhbət zamanı iqtisadiyyat, turizm, mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi xüsusi vurğulandı.
Görüşdə Regional məsələlər komitəsinin üzvləri Tahir Rzayev, Rüstəm Xəlilov, Malik Həsənov, Cavid Osmanov, Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU