İSVEÇ NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ OLDU

XƏBƏRLƏR
28 noyabr 2017 | 02:11   
Paylaşın:        

Noyabrın 28-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində İsveçin Dini icmalara dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Goranssonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  nümayəndə heyətinin üzvlərini Azərbaycan parlamentində salamlamaqdan məmnunluq duyduğunu dedi. O, qonaqlara parlamentin fəaliyyəti, qanunvericilik bazasının təkmilləşdirilməsi, deputatlar üçün yaradılmış iş  şəraiti barədə məlumat verdi. Qeyd edildi ki, parlamentdə müxtəlif sahələri əhatə edən 15 komitə mövcuddur. Qarşılıqlı əlaqələrin inkişafında parlamentlər əhəmiyyətli rola malikdir.
Diqqətə çatdırıldı ki, müsəlman Şərqində ilk demokratik dövlət məhz Azərbaycan Xalq Cümhuriyyəti olub. 2018-ci ildə xalqımızın tarixində mühüm hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi qeyd olunacaq. Bu gün Azərbaycan demokratik, dünyəvi, hüquqi dövlətdir. Ölkəmizdə din dövlətdən ayrıdır. Konstitusiyamızda dini azadlıqlarla bağlı normalar təsbit olunub. Milli Məclisdə dini münasibətləri tənzimləyən hüquqi aktlar, o cümlədən “Dini etiqad azadlığı haqqında” qanun qəbul olunub. Cəmiyyətdə müxtəlif konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşaması mədəniyyəti formalaşıb.
Bildirildi ki, Azərbaycan vətəndaşları arasında digər dinlərin nümayəndələri də var. Əsrlərdən bəri ölkəmizdə bütün dini icmalara dözümlü münasibət mövcuddur. Müxtəlif dini etiqadlara mənsub olan insanlar öz ibadətlərini, adət-ənənələrini azad şəkildə həyata keçirirlər. Bütün dinlərə qarşı hər zaman dözümlülük nümayiş etdirilib. Məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar dövlətimiz və Heydər Əliyev Fondunun himayəsi altında bərabər hüquqda fəaliyyət göstərirlər. Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən ölkədə dini etiqad azadlığının həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həm Azərbaycanda, həm də xaricdə, o cümlədən Vatikanda, Fransada, Bosniyada, Pakistanda, Gürcüstanda, Avropanın bir sıra ölkələrində ayrı-ayrı dini abidələr, mədəniyyət ocaqları bərpa olunub.
Diqqətə çatdırıldı ki, ölkəmizdə milli və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşılır. Bu baxımdan ölkə Prezidenti tərəfindən 2016-cı ilin “Multikulturalizm İli” və bunun davamı olaraq 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bütün millətlər və dinlər arasında bərabərliyin,  həmrəyliyin, əməkdaşlığın dəstəklənməsi üçün yönəlmiş bir addımdır.
Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıldı. Bildirildi ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəni və dini abidələr ermənilər tərəfindən dağıdılıb. Dünya ictimaiyyəti bunun qarşısının alınması üçün səylərini artırmalıdır.
İsveç nümayəndə heyətinin rəhbəri Ake Goransson səmimi görüşə görə minnətdarlığını ifadə etdi. O, bildirdi ki, bu gün İsveçdə 70-ə yaxın dini icma fəaliyyət göstərir. Dini azadlığın təmin edilməsinin vacib olduğunu deyən qonaq, qeyd etdi ki, burda əsasən vətəndaşların mənafeyi nəzərə alınmalıdır. Dini icmalar vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməlidir.
Söhbət zamanı çıxış edən Sensus Araşdırmalar Assosiasiyasının direktoru Ann-Katrin Persson, İbn Rüşd Araşdırmalar Assosiasiyasının direktoru Ömər Mustafa təmsil etdikləri qurumların fəaliyyəti, apardıqları tədqiqatlar barədə məlumat verdilər. Dinlər arasında əməkdaşlığın əhəmiyyətli olduğunu söylədilər.
Görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Xanlar Fətiyev, Sevinc Fətəliyeva, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, İsveçin Azərbaycandakı səfiri İngrid Tersman iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU