TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
30 noyabr 2017 | 05:11   
Paylaşın:        
Noyabrın 30-da Milli Məclisdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Azərbaycan-Türkiyə münasibətlərindən danışan AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dost və qardaş ölkənin nümayəndələrini Milli Məclisdə görməkdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, iki qardaş ölkə beynəlxalq təşkilatlarda həmişə bir-birinə dəstək olur, problemlərini birlikdə həll etməyə çalışırlar. Prezident İlham Əliyevin də dediyi kimi Türkiyə olmayan yerdə Azərbaycan, Azərbaycan olmayan yerdə isə Türkiyə bir-birilərinin haqqını müdafiə edir və hüquqlarını qoruyur. 
Söhbət zamanı Səməd Seyidov Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ məsələsini qaldırdığına görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirdi.
Görüşdə iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmlənməsində parlamentlərin rolundan, işçi qruplarının fəaliyyətindən, deputatlarımızın beynəlxalq təşkilatlarda xalqlarımız və dövlətlərimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmələrindən söhbət açıldı. 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün iki ölkənin birgə fəaliyyətinə hər zamankından daha çox ehtiyac olduğunu diqqətə çatdırdı. Bildirdi ki, ölkələrimizə qarşı edilən təzyiqlərin qarşısının alınması üçün bu çox vacibdir. Söhbət zamanı tərəflər ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşdülər.
Görüşdə Milli Məclisin komitə sədri Rafael Hüseynov, deputatlar Sahibə Qafarova, Rövşən Rzayev, Fazil Mustafa, hər iki ölkənin səfirləri Erkan Özoral, Xəzər İbrahim  və digər rəsmi şəxslər iştirak edirdilər.
  
Milli Məclisin 
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU