MİLLİ MƏCLİSDƏ BRİFİNQ

XƏBƏRLƏR
18 dekabr 2017 | 05:12   
Paylaşın:        
Dekabrın 18-də ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil Milli Məclisdə brifinq keçirdi. 
Tədbiri açan Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirdi ki, artıq iki gündür ki, cənab Yan Zahradil ölkəmizdə səfərdədir və bir sıra mühüm görüşlər keçirib. Belə səfərlər həm ictimaiyyətin, həm də mətbuatın diqqət mərkəzindədir.
Yan Zahradil bildirdi ki, Azərbaycana səfərini üç missiya ilə həyata keçirir. Birinci missiya Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti kimi. Bu Alyans Avropanın üçüncü böyük siyasi ailəsidir. Bu Alyans nadir hesab edilə bilər ki, o, Azərbaycanda həm iqtidar, həm də müxalifət partiyaları ilə əməkdaşlıq edir. Azərbaycan millət vəkili Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bizim Alyansın tam hüquqlu üzvüdür. Eyni zamanda Azərbaycanda iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası bizim alyansın AŞPA-dakı qrupunun üzvüdür. Bizim buraya gəlməyimizdə digər səbəb də ondan ibarətdir ki, biz Azərbaycanla yaxın illərdə tədbirlərin keçirilməsi ətrafında müzakirələr aparaq. Bu dediklərim mənim birinci funksiyamla bağlıdır.
İkinci missiyam isə onunla bağlıdır ki, mən həm də Avropa Parlamentinin üzvüyəm. Bildiyiniz kimi, Avropa Parlamenti bu yaxınlarda  Azərbaycanla münasibətlərini yenidən canlandırdı. Özünün bu məqsədlə nümayəndə heyətini formalaşdırdı. Bu nümayəndə heyətinin üzvləri ayrı-ayrılıqda, fərdi qaydada da  Azərbaycanla münasibətlərin genişləndirilməsi üçün cəhdlər göstərirlər. 
Üçüncü missiyam isə təmsil etdiyim ölkə ilə bağlıdır. Mən Mərkəzi Avropada yerləşən Çex Respublikasının Avropa Parlamentində təmsilçisiyəm. Onu da qeyd edim ki, Çexiya Respublikası özü də Azərbaycanla ikitərəfli strateji əməkdaşlıq haqqında müqavilə imzalamışdır. Bütün bu dediklərimin fövqündə qeyd etmək istəyirəm ki, mən Azərbaycanı dəyərli dövlət sayan bir şəxs kimi, bu ölkənin dostu kimi səfər etmişəm. Çünki Azərbaycan bütövlükdə həm Avropa İttifaqı, Avropa Parlamenti, mənim partiyam üçün, həm də Çexiya Respublikası üçün çox vacib bir tərəfdaşdır.  
Sonra Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil jurnalistləri maraqlandıran suallara ətraflı cavab verdi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU