AZƏRBAYCAN-PAKİSTAN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
23 dekabr 2017 | 01:12   
Paylaşın:        

Dekabrın 23-də ölkəmizdə səfərdə olan Pakistan Senatının Sədr müavini Molana Abdul Qafur Haidrinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovla görüşdü.
Qonağı səmimi salamlayan Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. Xüsusilə Azərbaycanın müstəqilliyinin ilk illərində Pakistan Azərbaycana çox kömək edib. Ölkəmizdə İslam həmrəyliyinə və İslam dininə böyük önəm verilir. Təsadüfi deyil ki, 2017-ci il Azərbaycanda İslam həmrəyliyi ili elan olunub.
Ziyafət Əsgərov diqqətə çatdırdı ki, münasibətlərimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynamış, bir sıra vacib sənədlər imzalanmışdır. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir və biz bu əməkdaşlığın daha da güclənməsində maraqlıyıq. Milli Məclis Sədrinin birinci müavini qonağın iki gün əvvəl Bakıda keçirilmiş “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında xalqımızın milli-mədəni irsini məhv etməsi barədə etdiyi çıxışı yüksək qiymətləndirdi.
Ziyafət Əsgərov Pakistanın beynəlxalq təşkilatlarda Azərbaycana  verdiyi daimi dəstəyə, həmçinin Xocalı soyqırımı ilə bağlı Pakistan Milli Assambleyasında qəbul olunmuş qətnamələrə  görə təşəkkürünü bildirdi.
Ölkəsinin Azərbaycanla sıx tarixi köklərlə bağlı olduğunu deyən Pakistan Senatının Sədr müavini Molana Abdul Qafur Haidri “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransa dəvət olunduqlarına görə Azərbaycan hökumətinə təşəkkür etdi. Qonaq belə bir önəmli konfransın Azərbaycanda təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.
Pakistanda mövcud olan Kəşmir, Azərbaycanda isə Dağlıq Qarabağ münaqişələrinin oxşarlığından danışan qonaq bu münaqişələrin həllində Pakistan və Azərbaycanın həmişə bir-birinə dəstək verməsindən məmnunluğunu bildirdi. Söhbət zamanı bu münaqişələrin həlli üçün əlaqələrimizin bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.
Görüşdə parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU