İSLAM ƏMƏKDAŞLIĞI TƏŞKİLATI PARLAMENT İTTİFAQININ TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
12 yanvar 2018 | 06:01   
Paylaşın:        

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı (İƏTPİ) Konfransının 13-cü sessiyasında iştirak etmək üçün yanvarın 12-də İran İslam Respublikasının paytaxtı Tehrana səfər edəcəklər.
Sessiyada proqram və gündəliyin qəbulundan sonra qurumun Baş katibinin məruzəsi dinləniləcək, nümayəndə heyətləri rəhbərlərinin, müşahidəçilərin çıxışları olacaq, Ümumi Komitənin 20-ci toplantısının hesabatı təqdim olunacaq. Tədbirdə qurumun yeni Baş katibi və büro üzvləri  seçiləcək.
Yığıncaqda Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, Mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə daimi ixtisaslaşmış komitələrin qətnamə layihələri və hesabatları müzakirə ediləcək.
Tədbirdə 2018-ci il üçün İƏTPİ Ümumi komitəsinin üzvlərinin təyin olunması, İcraiyyə Komitəsinin, daimi komitələrin üzvlərinin seçilməsi, İƏTPİ Konfransının 14-cü və 15-ci sessiyalarının, İcraiyyə Komitəsinin 40-ci iclasının keçiriləcəyi tarix və yerin müəyyənləşdirilməsi ilə bağlı məsələlərə baxılacaq. Sessiyanın sonunda Yekun Hesabat və Yekun Kommunike qəbul olunacaq.
İƏTPİ Konfransı çərçivəsində qurumun daimi komitələrinin iclasları keçiriləcək. Siyasi məsələlər üzrə komitənin yığıncağında Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı barədə məsələyə münasibət bildiriləcək.
Səfər yanvarın 18-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU