PARLAMENT GÖRÜŞLƏRİ

XƏBƏRLƏR
17 yanvar 2018 | 05:01   
Paylaşın:        

Yanvarın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları komitə sədri Səməd Seyidov salamlayaraq bildirdi ki, Azərbaycan-Türkiyə arasındakı  qardaşlıq və dostluq əlaqələri sarsılmaz  bir  təməl üzərində qurulub,  münasibətlərimiz  hər  zaman  başqa  dövlətlərə nümunə olub. Qeyd olundu ki, qardaş ölkələrimiz eyni istiqamətdə, eyni  dəyərlər uğrunda  fəaliyyət göstərir,  bundan  sonra  da bu, belə davam edəcək. Komitə  sədri ulu öndər Heydər Əliyevin “Bir millət - iki dövlət” deyimini bir daha xatırladaraq, Azərbaycanın hər  zaman  bu fəlsəfə ilə yaşadığını  vurğuladı.
Bildirildi ki, TBMM  nümayəndə heyətinin ölkəmizə bu səfəri  böyük əhəmiyyət daşıyır. Üç gündən sonra Azərbaycan tarixində baş vermiş ən qanlı hadisələrdən biri – 20 Yanvar faciəsinin 28 illik ildönümü  qeyd ediləcək. Bu qanlı faciə  Azərbaycan tarixinin bir şərəf səhifəsidir. Eyni zamanda 2018-ci il Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən məqamlarla   zəngindir.  Belə ki, bu il Azərbaycan Xalq Cümhuriyyəti yaranmasının 100 illiyi də qeyd olunacaq. Səməd  Seyidov  türk  həmkarlarının bu səfərini  bu əlamətdar  hadisə ilə bağlı mənəvi  dəstək kimi  dəyərləndirdi.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır Azərbaycana səfərindən məmnunluq duyduqlarını ifadə etdi. Bildirdi ki, 2018-ci ildə ilk ziyarətləri üçün məxsusi olaraq qardaş Azərbaycanı seçiblər. Çünki, bura üçün önəmli olan hər şey Türkiyə üçün də eyni əhəmiyyəti daşıyır.  Qonaq bura  gəlməzdən əvvəl  “Şəhidlər  Xiyabanı”nı  ziyarət  etdiyini, Azərbaycanın bu qanlı faciədə qurban verdiyi yüzlərlə igid oğul və qızlarını ehtiramla  yad  etdiyini vurğuladı.  Bildirdi ki, dünyada Azərbaycan və Türkiyə qədər şəhid verən üçüncü ölkə yoxdur. Xalqlarımızın azadlığı, müstəqilliyi yolunda canlarını fəda  edən şəhidlərimizin  xatirəsi unudulmayacaq.
Görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə  geniş fikir mübadiləsi aparıldı. Problemin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Türkiyə dövlətinə minnətdarlıq ifadə edildi.
Söhbətdə Milli Məclisin deputatları  Sevinc  Fətəliyeva,  Sahibə Qafarova, Asim Mollazadə,  Qənirə Paşayeva,  Elman Nəsirov, Tahir  Mirkişili, Araz Əlizadə, Nəsib Məhəməliyev, TBMM-in üzvləri  Fatma  Güldəmət  Sarı,  Nürəttin Yaşar,  Əhməd Akin,  Mehmet Günal, Türkiyənin Azərbaycandakı  səfiri Erkan Özoral və digər  rəsmi şəxslər  iştirak  edirdilər.
***

Sonra  qonaqlar Milli Məclisin Səhiyyə  komitəsinin sədri Əhliman Əmiraslanovun  rəhbərlik etdiyi  Azərbaycan-Türkiyə  parlamentlərarası əlaqələr  üzrə işçi  qrupunun  üzvləri ilə görüşdülər.
İşçi qrupun rəhbəri Əhliman Əmiraslanov iki ölkənin örnək sayılacaq qardaşlıq və dostluq münasibətlərindən söhbət açdı. O, eyni dilə, eyni dinə, eyni tarixə və adət-ənənələrə malik olduğumuzu qürurla  dilə gətirdi.  Komitə sədri münasibətlərimizin bu səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin rolunu, onların mütəmadi qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi vurğuladı. Bu cür səfərlərin qarşılıqlı münasibətlərimizin inkişafına müsbət təsir edəcəyinə əminliyini bildirdi.
Qonaqpərvərliyə  və  səmimi  görüşə  görə minnətdarlıq edən TBMM-nin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır Türkiyə və Azərbaycanın münasibətlərinin sürətli inkişafından sevinc  duyduqlarını  bidirdi. O, Azərbaycanla  birlikdə həyata keçirilən nəhəng layihələrdən söz açdı, TAP, TANAP layihələrini,  istismara  verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttini Azərbaycanın adına  böyük uğur kimi qiymətləndirdi. Qonaq əminliyini ifadə etdi ki, 2018-ci il Azərbaycan üçün daha uğurlu il kimi yadda qalacaq.
Volkan Bozkır Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarından keçən 20 yanvar şəhidlərinə görə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verdi, şəhidlərə Ulu Tanrıdan rəhmət dilədi. O, tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına ümidvar olduğunu bildirdi, bu yolda Türkiyənin hər zaman Azərbaycanın yanında  olduğunu vurğuladı.
Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları ilə yanaşı tərəfləri maraqlandıran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU