MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
22 yanvar 2018 | 05:01   
Paylaşın:        

Yanvarın 22-də Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke ilə görüşdülər.
İşçi qrupunun üzvü Fuad Muradov qonağı parlamentdə salamlamaqdan məmnunluğunu ifadə etdi. Bildirildi ki, Almaniya ilə dostluq qrupu Milli Məclisdə fəaliyyət göstərən ən böyük qruplardan biridir. O, ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin, aparılan danışıqların əhəmiyyətini qeyd etdi. Dövlət rəhbərləri arasında keçirilən görüşlərin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində önəmli olduğunu vurğuladı.
Milli Məclislə Bundestaq arasında səmərəli əməkdaşlıqdan danışan millət vəkili Bundestaqda Azərbaycanla dostluq qrupu üzvlərinin fəaliyyətini yüksək qiymətləndirdi. Qeyd olundu ki, Almaniya xalqı Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı beynəlxalq səviyyədə qəbul olunmuş qərarları dəstəkləyir.
Fuad Muradov məlumat verdi ki, Milli Məclisdə bir sıra yeni komitələr yaradılıb və o, hazırda Gənclər və idman komitəsinin sədri vəzifəsini yerinə yetirir, eyni zamanda, parlamentin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəridir. Bildirildi ki, Azərbaycan Almaniya ilə əlaqələrin gələcək inkişafına böyük önəm verir və bu gün siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur.
Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke qonaqpərvərliyə görə təşəkkürünü söylədi. Belə görüşlərin əlaqələrimizin inkişafında səmərəli olduğunu dedi. O, bildirdi ki, Almaniyada son parlament seçkilərindən sonra yeni hökumətin, eyni zamanda, parlamentdə komitələrin və dostluq qruplarının formalaşdırılıması işi hələ davam edir. Diqqətə çatdırıldı ki, yeni Federal hökumət hazırki siyasətini davam etdirəcək. Bu, o deməkdir ki, Almaniya dövləti, hər zaman olduğu kimi, Azərbaycanla əməkdaşlığa böyük önəm verir.
Qeyd edildi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin bağlanması ilə əlaqədar danışıqlar aparılır. Almaniya bu danışıqları dəstəkləyir. Andreas Peşke, eyni zamanda,  hər iki ölkənin parlamentləri arasında, xüsusilə dostluq qrupları çərçivəsində sıx əlaqələrin olduğunu söylədi. Azərbaycan parlament nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini maraqla izlədiklərini dedi.
Mədəni, humanitar sahələrdə əməkdaşlığın vacibliyi barədə danışan qonaq, Azərbaycanda Höte Mərkəzinin yaradılmasını, Almaniyada Azərbaycan Mədəniyyət Evinin fəaliyyət göstərməsini təqdirəlayiq hal kimi dəyərləndirdi. Diqqətə çatdırıldı ki, iqtisadi sahədə də əməkdaşlıq dinamik inkişaf edir.
Almaniyalı qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açaraq, bu məsələdə ölkəsinin  Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini xüsusi vurğuladı. Qeyd edildi ki, problem beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həll olunmalıdır.
Görüşdə iştirak edən deputatlar Xanlar Fətiyev və Cavanşir Feyziyev bildirdilər ki, Almaniya Azərbaycan üçün ən çox maraq doğuran ölkələrdən biridir. Almaniya Avropanın ən böyük ölkəsidir və Almaniyadan gözləntilərimiz də böyükdür. İqtisadi sahədə münasibətlərimiz müsbət dinamika ilə inkişaf edir. Azərbaycan iqtisadi baxımdan geniş potensial imkanları olan ölkədir. Burada Almaniya şirkətləri üçün yaxşı şərait mövcuddur. Qeyd edildi ki, ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni və parlamentlər səviyyəsində əməkdaşlıq hər iki xalqın mənafelərinə xidmət edir.
 Söhbətdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU