Azərbaycan-Koreya münasibətləri inkişaf edir

XƏBƏRLƏR
24 yanvar 2018 | 05:01   
Paylaşın:        
Yanvarın 24-də Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.
İşçi qrupunun üzvü, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Xanlar Fətiyev Azərbaycanla Koreya arasında əlaqələrin gündən-günə inkişaf etdiyini vurğuladı. Bildirdi ki, ikitərəfli əlaqələrin dinamikası hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri ilə daha da artıb. Bu səfərlər zamanı bir sıra mühüm sazişlər imzalanıb. Həmçinin, ikitərəfli münasibətlərin inkişafına parlamentlərarası dostluq qrupları da töhfələrini verir. Bugünədək Azərbaycanla Koreya arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 60-dan çox hüquqi sənəd imzalanıb.
Xanlar Fətiyev qonaqların dostluq qrupu kimi Azərbaycana ilk səfərlərini yüksək qiymətləndirdi. Bu səfərin ölkələrimiz arasındakı sıx dostluq münasibətlərinin, eləcə də parlamentlərarası əlaqələrin daha da inkişafına təkan verəcəyinə inamını ifadə etdi. 
Azərbaycanın regionda siyasi və iqtisadi cəhətdən güclü dövlət olduğunu deyən X.Fətiyev Koreya Respublikası ilə iqtisadi, o cümlədən digər sahələrdə də əlaqələrin genişləndiyini söylədi.
Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Su bu cür görüşlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğuladı.
Azərbaycanın və Koreya Respublikasının tarixində, mədəniyyətində oxşarlıqların çox olduğunu vurğulayan qonaq söylədi ki, Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuza malik olması onları sevindirir. O, Azərbaycanın ev sahibliyi etdiyi və iştirakçısı olduğu beynəlxalq tədbirlərdən məmnunluqla söz açdı, gələcəkdə yeni sahələr üzrə təcrübə mübadiləsini genişləndirməkdə maraqlı olduqlarını bildirdi.
Söhbət zamanı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, ağır nəticələri barədə məlumat verildi. Qeyd olundu ki, artıq 25 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Sonra görüşdə Azərbaycanla Koreya Respublikası arasında əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Sədaqət Vəliyeva, Rauf Əliyev, Şahin İsmayılov və digər rəsmi şəxslər iştirak edirdilər. 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU