MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
29 yanvar 2018 | 05:01   
Paylaşın:        

Yanvarın 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya Parlamentinin deputatı  Duarte Paçeko ilə görüşdülər.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonağı salamlayaraq,  səfərin uğurlu olacağına inamını bildirdi. Azərbaycanın Parlamentlərarası İttifaqla əməkdaşlıqda maraqlı olduğunu söylədi. “12 Plyus Geosiyasi Qrupu”n əlaqələrin möhkəmləndirilməsində rolunu qeyd etdi. Komitə sədri deputatlarımızın müxtəlif beynəlxalq təşkilatlarda fəaliyyəti barədə danışdı. Millət vəkillərimizin avropalı deputatlarla qarşılıqlı ünsiyyət yaradaraq, ölkəmiz barədə həqiqətlərin yayılmasında faydalı işlər gördüklərini dedi. Komitə sədri parlament nümayəndə heyətinin bu günlərdə keçirilən AŞPA-nın qış sessiyasında iştirakı barədə məlumat verdi. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə Avronest Parlament Assambleyasında təmsil olunan deputatlarımızın  fəaliyyətini təqdir etdi.
Səməd Seyidov bildirdi ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Konstitusiyamızda qanunun aliliyi, insan hüquqlarının qorunması  prinsipləri təsbit olunub. Ölkə vətəndaşları təhlükəsizlik və sabitlik şəraitində yaşayırlar. Dövlət başçısının sərəncamına əsasən, 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub və bununla əlaqədar bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Diqqətə çatdırıldı ki, keçən əsrin əvvəlində Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda demokratik respublika yaranıb və onun parlamenti fəaliyyətə başlayıb. Bu gün parlamentdə azərbaycanlılarla yanaşı, milli azlıqların nümayəndələri də təmsil olunub. Ölkəmizdə qadınlar da ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər, rəhbər vəzifələr tuturlar, o cümlədən xanım deputatlarımız da vitse-spiker, komitə sədri kimi fəaliyyət göstərirlər.
Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, portuqaliyalı deputat  Duarte Paçeko səmimi görüş üçün minnətdarlığını ifadə etdi. O, təmsil etdiyi qurumla Azərbaycan arasında səmərəli əməkdaşlığın inkişafı üçün hər iki tərəfdən lazımı addımların atılmasının önəmli olduğunu dedi.
Qonaq ölkəmizdə iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla  həyata keçirilən islahatları, dövlətimizin beynəlxalq səviyyədə rolunun möhkəmləndiyini yüksək qiymətləndirdi.
Görüşdə insan hüquqlarının müdafiəsi baxımından son zamanlar  ölkə qanunvericiliyində edilən mühüm dəyişikliklər, regional münaqişələrin həlli, dövlətimizin terrorla mübarizəyə verdiyi töhfələr və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU