TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
01 fevral 2018 | 06:02   
Paylaşın:        

Fevralın 1-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları mehribanlıqla salamlayan Səməd Seyidov “iki dövlət, bir millət” olan xalqlarımız və ölkələrimiz arasında dostluq-qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini vurğuladı. Bütün beynəlxalq qurumlarda, o cümlədən AŞPA-da Azərbaycan və Türkiyə təmsilçilərinin sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini, bir-birini dəstəklədiyini, haqqa və ədalətə tərəfdar çıxdığını  bildirdi. Qeyd etdi ki, Azərbaycan-Türkiyə münasibətləri region ölkələri üçün örnəkdir.
Milli Məclis deputatlarının AŞPA-dakı fəaliyyətinə toxunan Səməd Seyidov nəzərə çatdırdı ki, hər zaman Türkiyənin maraqları tərəfimizdən ən yüksək səviyyədə qorunacaq. 
Görüşdə Türkiyənin əmək və sosial müdafiə naziri Jülide  Sarıeroğlu Prezident R.T.Ərdoğanın, Türkiyə Baş nazirinin və Böyük Millət Məclisi Sədrinin salamlarını Azərbaycanın deputatlarına çatdırdı. Bakıya səfərdən məmnunluqlarını ifadə etdi. Türkiyənin ictimai-siyasi həyatındakı aktual məsələlərdən söz açdı, antiterror əməliyyatlarından bəhs etdi. AŞPA-da Türkiyənin haqlı mövqeyini dəstəklədiklərinə görə qurumdakı nümayəndə heyətimizə təşəkkürlərini bildirdi.
Sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Sahibə Qafarova, Fazil Mustafa, Sabir Hacıyev, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təmsilçiləri, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, digər rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU