AZƏRBAYCAN- AVSTRİYA ƏLAQƏLƏRİNİN İNKİŞAFI ÖNƏMLİDİR

XƏBƏRLƏR
21 fevral 2018 | 06:02   
Paylaşın:        

Fevralın 21-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları Milli Məclisdə salamlayan vitse-spiker Azərbaycana səfərin və burada keçiriləcək görüşlərin səmərəli olacağına inam ifadə etdi.
Görüşdə Andreas Rayxhardt uzun illərdən bəri Azərbaycanın dostu olduğunu və dəfələrlə ölkəmizə səfər etdiyini vurğuladı. Avstriya ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsinə çalışdığını dedi. Təmsil etdiyi nazirliyin ölkə üzrə bütün infrastruktur məsələlərində səlahiyyətli olduğunu bildirdi. İkitərəfli iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından dost və tərəfdaş Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırdı.
İnfrastruktur layihələrinin vacibliyini vurğulayan Valeh Ələsgərov qeyri-neft sektorunda əməkdaşlığın perspektivlərinə toxundu, Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirak edə biləcəyini söylədi. Parlamentdə birinci oxunuşda qəbul edilmiş “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, ölkəmizdə yaradılacaq azad iqtisadi zonalarda heç bir vergi tətbiq edilməyəcək, gömrük rüsumu yığılmayacaq. Adı çəkilən qanun üçüncü oxunuşda qəbul edildikdən sonra digər qanunvericilik aktları da  bu qanuna uyğunlaşdırılacaq.
Qonaq bildirdi ki, azad iqtisadi zonada müştərək müəssisələrin yaradılması maraq doğuran məsələdir. Səfər çərçivəsində Avstriya nümayəndə heyəti Ələtə də gedəcək.
Görüşdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov və Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vex iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti
   



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU