AQRAR SİYASƏT KOMİTƏSİNDƏ GÖRÜŞ

XƏBƏRLƏR
21 fevral 2018 | 03:02   
Paylaşın:        

Fevralın 21-də  Milli  Məclisin Aqrar siyasət  komitəsinin  sədri Eldar İbrahimov Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin Baş katibi Andreas Rayxhartın başçılıq  etdiyi  nümayəndə  heyəti ilə  görüşdü.
Qonağı  səmimi  salamlayan Eldar İbrahimov ölkəmizin 1991-ci ildə  müstəqillik qazandıqdan  sonra  keçdiyi  inkişaf  yolundan danışdı. Ümummilli  lider  Heydər  Əliyevin  Avstriya  dövləti ilə çox  gözəl münasibətlərin təməlini  qoyduğunu, bu gün Azərbaycan Prezidenti İlham Əliyev  tərəfindən  bu ənənənin uğurla  davam  etdirildiyini vurğuladı. Komitə sədri münasibətlərimizin inkişafında  parlamentlərarası  dostluq  qruplarının  önəmini qeyd  etdi  və  özünün də üzvü olduğu  Milli Məclisin Avstriya parlamenti ilə dostluq  qrupunun  fəaliyyətini  yüksək qiymətləndirdi.
Sonra Eldar İbrahimov Azərbaycanda kənd təsərrüfatının inkişafindan söz  açdı.  Son 14  ildə ölkəmizdə aparılan iqtisadi  islahatlardan, aqrar  sahənin sürətli dirçəlişindən  danışdı. Bildirdi ki, bu gün  kənd təsərrüfatı  sahəsi  bütövlükdə vergidən  azaddır.  Bu illər ərzində sahibkarlığın inkişafı ilə əlaqədar  kənd  təsərrüfatı  sahəsinə dövlət tərəfindən 2 milyard manat güzəştli  subsidiya  ayrılıb. Regionların inkişafı və ərzaq  təhlükəsizliyi ilə bağlı  dövlət  proqramları həyata  keçirilir. Bu gün Azərbaycan  yalnız  taxıl  məhsulu istisna olmaqla  bütün ölkə əhalisini  kənd  təsərrüfatı  məhsulları ilə özü  təmin edir və  ötən il 502 milyon manatlıq  kənd  təsərrüfatı məhsulu  ixrac edilib.
Nümayəndə heyətinin rəhbəri, Avstriya Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin Baş katibi Andreas Rayxhart Azərbaycanda keçirdikləri görüşlərdən yüksək  təəssürat  aldıqlarını  dilə gətirdi. Qonaq Avstriyanın kənd təsərrüfatı sahəsində qazandığı  nailiyyətlərdən və Azərbaycanla ortaq  layihələrdə  iştirak  imkanlarından  ətraflı söhbət  açdı.
Söhbətdə  qarşılıqlı maraq  doğuran bir sıra  məsələlər  barəsində  fikir  mübadiləsi  aparıldı.
Görüşdə millət  vəkilləri  Eldar Quliyev, Novruz  Aslan, Eldəniz  Səlimov, hər  iki ölkədəki  səfirlər Qalib  İsrafilov, Aksel Vex  və digər  rəsmi şəxslər  iştirak  edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU