AZƏRBAYCAN-AVSTRİYA ƏLAQƏLƏRİ UĞURLA İNKİŞAF EDİR

XƏBƏRLƏR
21 fevral 2018 | 04:02   
Paylaşın:        

Fevralın 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Komitə sədri qonaqları səmimi salamlayaraq Azərbaycanla Avstriya  arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söylədi. Ölkələrimizin  ərazi və əhali sayı baxımından oxşar olduğunu dedi. Hadi Rəcəbli son illər ölkəmizdə turizmin dinamik inkişaf etdiyini, bu sahəyə olan dövlət dəstəyini diqqətə çatdırdı. Bildirildi ki, bu istiqamətdə müasir standartlara cavab verən infrastruktur yaradılıb, o cümlədən otel şəbəkələri qurulub, yollar salınıb, müalicə zonaları fəaliyyət göstərir, ASAN Viza sistemi tətbiq edilir. Ən əsası isə sabitlik və təhlükəsizlik şəraiti mövcuddur. Təqdirəlayiq haldır ki, 2010-2017-ci illər arasında Azərbaycana səyahətə gələn turistlərin sayında 40 faiz artım müşahidə olunub.
Söhbət zamanı ölkəmizdə 2015, 2016 və 2017-ci illərdə keçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdən danışıldı. Qonaqlara qədim tariximiz, zəngin mədəniyyətimiz haqqında məlumat verildi. Azərbaycanın  TAP və TANAP kimi önəmli qaz layihələrinin həyata keçirilməsində fəal iştirakından bəhs edildi. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyəti barədə söhbət açıldı. Qeyd edildi ki, Asiya ilə Avropanı bir-birinə birləşdirən bu layihə Qədim İpək Yolunun bərpasına xidmət edəcək.
Diqqətə çatdırıldı ki, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən əmək və sosial siyasət sahəsində əməkdaşlıq barədə bir sıra sənədlər imzalanıb. Hökumətlərarası Komissiya səmərəli fəaliyyət göstərir. Dövlətlərarası ticarət dövriyyəsinin göstəriciləri yüksək səviyyədədir.
Avstriya Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardt qonaqpərvərliyə görə təşəkkürünü ifadə etdi. İnfrastruktur, texnologiyalar, təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi barədə danışdı. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində dövlət başçısının imzaladığı sənədləri, həyata keçirilən tədbirləri yüksək dəyərləndirdi.
Avstriya Milli Şurasının komitə sədrləri Gerald Hauzer və Yohannes Şmukenşlager öz çıxışlarında ölkələrində turizmin inkişafı, səhiyyə sahəsində əldə edilən nailiyyətlər barədə məlumat verdilər.
Görüşdə Milli Məclisin deputatları Sevinc Hüseynova, İlham Məmmədov, hər iki ölkənin səfirləri, digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU