MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
23 fevral 2018 | 06:02   
Paylaşın:        

Fevralın 23-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Vitse-spiker qonaqları salamlayaraq bildirdi ki, biz İranla münasibətlərə böyük önəm veririk. Azərbaycan müstəqillik əldə etdikdən sonra siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığımız yüksələn xətlə inkişaf edir. Dövlət başçılarının keçirdiyi görüşlər, aparılan danışıqlar münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. İki ölkə arasında ticarət dövriyyəsi ilbəil artır. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi reallaşır və bu çərçivədə əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.
Qeyd edildi ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq  haqqında Memorandum imzalanıb. Mədəni sahədə əlaqələr genişlənməkdədir. Müxtəlif vaxtlarda İranda Azərbaycan mədəniyyəti günləri, kino həftələri keçirilib. Parlamentlərarası münasibətlər daha da dərinləşir. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsi təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətlidir.
Ziyafət Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən fevralın 26-da Azərbaycan xalqına qarşı erməni işğalçıları tərəfindən törədilmiş Xocalı soyqırımının 26-ci ildönümü münasibəti ilə keçiriləcək anım tədbirləri barədə məlumat verdi. 
Səmimi qəbul üçün minnətdarlığını bildirən İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkaman  səfər  çərçivəsində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etdi. O, Azərbaycanın İrana ən yaxın dost ölkə olduğunu söylədi. Qeyd edildi ki, onun ölkəsi Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlıqda maraqlıdır. Parlamentlər səviyyəsində də əlaqələrin inkişafı olduqca əhəmiyyətlidir. Gələcəkdə birgə səmərəli fəaliyyət üçün geniş imkanlar vardır.
Abuzər İbrahimi Türkaman İran Parlamentinin sədri Əli Laricaninin Milli Məclisin Sədri Oqtay Əsədova dəvət məktubunu təqdim etdi.
Söhbətdə siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə, habelə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə  fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Fəzail İbrahimli iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU