MİLLİ MƏCLİSDƏ UNİCEF-in NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

XƏBƏRLƏR
02 mart 2018 | 05:03   
Paylaşın:        

Martın 2-də Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli və Aqiyə Naxçıvanlı UNİCEF-in regional məsləhətçiləri Aron Qrinberq və xanım Joanne Bosvort ilə görüşdülər.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qonaqları salamlayaraq bildirdi ki, Azərbaycanla UNİCEF arasında sıx əlaqələr mövcuddur. Ölkəmizdə uşaq hüquqlarına hörmətlə yanaşılır, onların sağlamlığı, təhsili, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Xüsusi olaraq vurğulandı ki, ulu öndər Heydər Əliyevin zamanında uşaqların sağlam, xoşbəxt böyüməsi üçün dövlət səviyyəsində mühüm layihələr həyata keçirilib və bu işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə ailə, qadın, uşaq problemləri sahəsində dövlət siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir.
Qeyd edildi ki, Milli Məclis UNİCEF-lə səmərəli əməkdaşlıq edir. Vaxtilə parlamentimizdə UNİCEF-in yubileyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan uşaq hüquqları ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulub, bu sahədə qanunvericilik bazası xeyli təkmilləşib. Parlamentdə uşaq hüquqlarının təmin edilməsi istiqamətində yeni qanunlar qəbul olunub. Milli Məclisdə qəbul olunmuş və uşaqların sağlamlığının qorunmasına xidmət edən “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanun MDB məkanında model qanun kimi tövsiyə edilib. Valideyn himayəsindən məhrum olmuş uşaqlara xüsusi diqqət yetirilir, onların təhsil haqqı dövlət tərəfindən ödənilir və bu qanunvericiliklə tənzimlənir. Bir neçə il öncə ölkəmizdə “Uşaq Parlamenti” yaradılıb. Milli Məclisdə uşaqlara həsr olunmuş və onların iştirakı ilə mütəmadi olaraq bir çox tədbirlər həyata keçirilir.
Diqqətə çatdırıldı ki, V çağırış Milli Məclisdə bir sıra yeni komitələr yaranıb. Bu komitələrdən biri də Ailə, qadın və uşaq məsələləri komitəsidir. Bu, bir daha onu göstərir ki, ailə, qadın və uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı öz çıxışında təmsil etdiyi sahəyə olan diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirdi. O, qeyd etdi ki, rəhbərlik etdiyi komitə ailə münasibətləri, qadın və uşaq hüquqlarıının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə bağlı qanun layihələri hazırlayır. Bu sahəni əhatə edən mükəmməl qanunvericilik bazası yaradılıb, əhali arasında müvafiq  maarifləndirmə işləri aparılır. Komitə sədri hazırda uşaqların sağlamlığına və inkişafına zərər verən halların aradan qaldırılması ilə bağlı yeni qanun layihəsinin hazırlandığını dedi.
Görüşdə iştirak edən UNİCEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Min Yuan səmimi görüşə görə təşəkkürünü ifadə etdi. Bildirildi ki, UNİCEF Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Uşaqların ailədə inkişafı, əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası, inklüziv təhsil məsələləri bu gün  çox aktualdır. Təqdirəlayiq haldır ki, Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi və müdafiəsi ilə əlaqədar zəruri işlər görülür, dövlət uşaq hüquqlarının qorunmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Uşaqların müdafiəsi, onların rifahının yaxşılaşdırılması, hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericilik bazası yaradılır. Əlil uşaqların hüquqlarının qorunması, valideyn himayəsindən məhrum olan uşaqların ailə mühitində yaşaması üçün məqsədyönlü addımlar atılır.
UNİCEF-in regional məsləhətçiləri Joanne Bosvort və Aron Qrinberq bildirdilər ki, səfərdən məqsəd təmsil etdikləri qurumun Azərbaycandakı  fəaliyyətini nəzərdən keçirmək və dəstəkləməkdir. Qeyd edildi ki, UNİCEF-in parlamentlə əməkdaşlığı təqdirəlayiqdir. Uşaqların hərtərəfli inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onların gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Qonaqlar müasir texnologiyalardan səmərəli istifadə edilməsi, rəqəmsal sahədə uşaqların hüquqlarının qorunması, valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi, onlara diqqət və qayğının göstərilməsi məsələlərinə toxundular. Bu sahədə ölkəmizdə əldə edilmiş nailiyyətləri yüksək dəyərləndirdilər.
Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU