MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
15 mart 2018 | 05:03   
Paylaşın:        
Martın 15-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Viktor Paul Dobrenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. 
Ziyafət Əsgərov qonaqları səmimi salamlayaraq Azərbaycanla Rumıniya arasında hələ tarixən dost münasibətlərin olduğunu bildirdi. Qeyd olundu ki, Rumıniya həmişə beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasının göstəricisidir. Biz münasibətlərimizin daha da dərinləşməsində maraqlıyıq. 
Bildirildi ki, dövlətlərarası münasibətlərin inkişafında ölkə başçılarının xüsusi rolu olmuşdur. İki ölkə arasında bir sıra mühüm sənədlər imzalanmış və ratifikasiya edilmişdir. Qarşılıqlı səfərlər parlamentlərarası əlaqələrin də inkişafına müsbət təsir edən vacib amildir. 
Söhbət zamanı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Xocalı soyqırımı barədə də məlumat verildi.
Səmimi görüş üçün minnətdarlığını bildirən Viktor Paul Dobre Bakı barədə xoş təəssüratlarını bölüşdü. Ölkəmizin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən qonaq iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyindən danışdı. 
Görüşdə parlamentlərarası münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti    


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU