VİKTOR PAUL DOBRE: “Azərbaycan-Rumıniya arasında əməkdaşlığın inkişaf potensialı genişdir”

XƏBƏRLƏR
15 mart 2018 | 05:03   
Paylaşın:        

Martın 15-də Milli Məclisin Rumıniya parlamenti ilə  əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupunun rəhbəri Viktor Paul Dobrenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Millət vəkili, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev iki ölkə arasındakı dostluq  münasibətlərindən söz  açdı.  Qeyd edildi ki, Azərbaycan və Rumıniya münasibətləri daim yüksələn  xəttlə inkişafdadır.  Rumıniya  11 ölkə ilə strateji  tərəfdaşlıq  aktı  imzalayıb ki, onlardan biri də Azərbaycandır. Azay Quliyev hər iki ölkə deputatlarının beynəlxalq qurumlardakı birgə fəaliyyətinin xüsusi əhəmiyyətindən də danışdı.
Qonaqlara Dağlıq Qarabağ  münaqişəsinin hazırkı  durumu  barədə məlumat verən  işçi  qrupun  rəhbəri  hər  zaman  Azərbaycanın  haqlı mövqeyini dəstəklədiklərinə görə dost Rumıniya dövlətinin  rəhbərliyinə minnətdarlığını  bildirdi.
Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupunun rəhbəri Viktor Paul Dobre  səmimi  görüş  və qonaqpərvərliyə  görə təşəkkürünü bildirdi. O, Azərbaycanın bölgədə iqtisadi-siyasi baxımdan ən sabit və inkişaf etmiş dövlət olduğunu vurğuladı. Qonaq bildirdi ki, Rumıniya ilə əlaqələrin başlanğıcı Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdən başlayıb və artıq  bu  dostluq  münasibətləri  25  ilə yaxındır  davam edir. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Qeyd edildi ki, ölkələrimiz arasında əməkdaşlığın inkişaf potensialı genişdir.
Görüşdə  millət  vəkilləri, işçi qrupun üzvləri Fəzail İbrahimli,  Musa Quliyev, Mirkazım Kazımov, Qənirə Paşayeva,  Rumıniya  parlamentinin deputatları  Georgi Dinu Socotar, İon Hadarca, İancu Caracota və digər  rəsmi şəxslər   iştirak  edirdilər.
Söhbət zamanı Azərbaycan-Rumıniya əlaqələrinin gələcək inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir  mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU