RUMINİYA-AZƏRBAYCAN DOSTLUQ QRUPUNUN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
15 mart 2018 | 05:03   
Paylaşın:        

 Martın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Rumıniya parlamentinin nümayəndə heyəti ilə görüşdülər.
 Komitə adından qonaqları salamlayan Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva ölkələrimiz arasındakı münasibətlərin tarixindən söz açdı. Strateji tərəfdaş olan Azərbaycanla Rumıniyanın siyasi, humanitar, mədəni əlaqələrindən bəhs etdi. Dedi ki, bu gün Azərbaycan dünyada gedən proseslərə öz mövqeyini bildirir və aktual mövzulara dair müzakirələrə platforma yaradaraq bir sıra beynəlxalq konfrans və forumlara ev sahibliyi edir.
 Görüş zamanı nümayəndə heyətinin başçısı, Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupunun rəhbəri Viktor Paul Dobre Azərbaycana üçüncü dəfə səfər etdiyini və ATƏT PA-nın vitse-prezidenti olaraq qurumun İpək Yoluna Dəstək Qrupunun bu günlərdə Bakıda keçirilən beynəlxalq konfransına qatıldığını diqqətə çatdırdı. Ölkəmizə ilk dəfə səfər edən həmkarlarının Azərbaycan barədə böyük təəssüratları olduğunu bildirdi. Qeyd etdi ki, Rumıniya-Azərbaycan dostluq qrupu iki palatalı Rumıniya parlamentində ən böyük qruplardan biridir, 15 üzvü var. Azərbaycanda keçirdikləri görüşlər barədə xoş təəssüratlarını bölüşən qonaq dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi zərurətini vurğuladı. 
 Sonra Rumıniya Senatının üzvü İanku Karakota, Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupu rəhbərinin müavini Georgi-Dinu Sokotar çıxış edərək Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər. Qeyd etdilər ki, Rumıniya hər zaman Azərbaycanın yanında olacaq. Parlamentlərarası əlaqələrdən razılıqla söz açan qonaqlar ümid ifadə etdilər ki, hazırki səfər münasibətlərimizə yeni impuls verəcək.  
 Görüşdə Milli Məclisin deputatları Rasim Musabəyov və Sahibə Qafarova fikirlərini bölüşdülər, Azərbaycan-Rumıniya əməkdaşlığının genişlənməsi, əlaqələrin daha da möhkəmlənməsi üçün təkliflərini diqqətə çatdırdılar. Bildirildi ki, əməkdaşlıq üçün Azərbaycanın həm istəyi, həm də geniş potensialı vardır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU