Marton CÖNCÖSİ: “20 il ərzində Azərbaycan qarşıya qoyulmuş vəzifələrin öhdəsindən yaxşı gəlib”

XƏBƏRLƏR
06 iyun 2012 | 05:06   
Paylaşın:        

Ölkəmizdə səfərdə olan Macarıstan parlamentinin nümayəndə heyəti iyunun 6-da Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdü.
Qonaqları mehribanlıqla salamlayan Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Xanhüseyn Kazımlı ölkəmizi yaxşı tanımaları üçün rəsmi və qeyri-rəsmi səfərlərin intensivliyi vacibliyinə toxundu. Parlamentlərarası əlaqələrin dərinləşməsi istiqamətində deputatların gördükləri işlər barədə məlumat verdi. Azərbaycanın nailiyyətlərindən danışdı.
Azərbaycanla bağlı hər şeylə maraqlandıqlarını bildirən Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Cöncösi ölkəmizdəki qonaqpərvərlikdən razılıq etdi. Azərbaycanın inkişafını xüsusi vurğulayaraq qeyd etdi ki, 20 il ərzində  Azərbaycan qarşıya qoyulmuş vəzifələrin öhdəsindən yaxşı gəlib. Parlament diplomatiyasını yüksək dəyərləndirən cənab Cöncösi hazırkı səfərə mühüm əhəmiyyət verdiklərini bildirdi. Əməkdaşlığa dair bir çox məsələlər ətrafında fikir mübadiləsi aparmaq niyyətində olduqlarını dedi.
Görüşdə Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun üzvü Yaqub Mahmudov Dağlıq Qarabağ mövzusuna toxunaraq qonaqlara erməni xalqının Cənubi Qafqazda məskunlaşdırılması tarixindən danışdı. Macar həmkarlarını Avropanın siyasətindəki ikili standartlara qarşı çıxmağa, Azərbaycanın haqq səsini yaymağa çağırdı. 

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU