ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR

XƏBƏRLƏR
27 aprel 2018 | 06:04   
Paylaşın:        

Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə  məruzəçisi xanım Norika Nikolai aprelin 27-də Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri ilə görüşdü.
Görüşdə öncə aprelin 11-də keçirilmiş prezident seçkilərindən söz açan Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirdi ki, seçkilərdən sonra Azərbaycanda yeni mərhələnin əsası qoyulmuşdur. Ölkəmiz əməkdaşlıq əlaqələrinə böyük önəm verir və o sırada Avropanın xüsusi yeri var. Milli Məclislə Avropa Parlamenti arasındakı əlaqələr yüksək səviyyədədir. Qarşılıqlı səfərlər müsbət nəticə verir. Bir sıra dəyərlərimiz üst-üstə düşdüyünə görə Avropa ilə əməkdaşlıqda maraqlıyıq. Cavanşir Feyziyev onu da vurğuladı ki, Qafqaz bölgəsində sabitliyin qorunub saxlanmasında Azərbaycanın mühüm rolu var.
Sonra xanım Norika Nikolai demokratik şəraitdə keçən prezident seçkiləri münasibətilə təbriklərini çatdırdı. Azərbaycan hökumətinin yeni tərkibində bir neçə deputatın təmsil olunmasını yüksək qiymətləndirdi. Qeyd etdi ki, uzun müddət Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi olduğum üçün bu ölkəni yaxşı tanıyıram. Qafqaz kimi kövrək regionda sabit ölkə olaraq qalmaq çətin olsa da Azərbaycan bunu bacarıb. İnkişaf əldə olunub, sabitlik qorunur, ölkədə müasir dünyagörüşlü insan kapitalı yetişdirilib. 
Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıqdan razılıqla söz açan qonaq bildirdi ki, Azərbaycanın dövlət başçısı və parlament rəhbəri ilə keçirilən görüşlər, həmçinin bir sıra nazirlərlə aparılacaq danışıqlar əlaqələrimizin perspektivlərini müəyyənləşdirməyə xidmət edəcək.
Söhbət zamanı xanım Norika Nikolai dedi ki, Ermənistanda baş verən hadisələri diqqətlə izləyirəm. Ümid edirəm, hadisələrin gedişi ona gətirib çıxaracaq ki, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq.
Görüşdə fikirlərini bölüşən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü Çingiz Qənizadə vurğuladı ki, əgər Dağlıq Qarabağ münaqişəsi, ərazilərimizin işğalı problemi olmasaydı, Azərbaycan daha böyük inkişafa nail olardı. 

 

Milli Məclisin
Mətbuat xidməti  

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU