MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
06 iyun 2012 | 06:06   
Paylaşın:        

Ölkəmizdə səfərdə olan Macarıstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri iyunun 6-da Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşdü.
Qonaqları salamlayan Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, Macarıstan Avropa İttifaqının siyasətini müəyyənləşdirən mühüm ölkələrdən birinə çevrilməkdədir. Komitə sədri qeyd etdi ki, Avropa İttifaqının taleyi bu quruma yeni üzv olmuş ölkələrdən daha çox asılıdır. Səməd Seyidov diqqətə çatdırdı ki, Azərbaycanla Macarıstan arasında münasibətlər daim yüksələn xətlə inkişaf edir və ölkəmizin əsas hədəfi Avropaya inteqrasiyadır. Lakin bu inteqrasiya qarşılıqlı hörmətə, xalqlara mənfəət  və firavanlıq gətirməyə əsaslanmalıdır. Macar xalqının azadlıqsevər xalq olduğunu deyən komitə sədri xalqlarımızın tarixi əlaqələrinə nəzər saldı. 
Azərbaycanla yaxından maraqlandıqlarını deyən Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Cöncösi ölkəmizdə keçirdikləri görüşləri yüksək qiymətləndirdi. Qonaq “Eurovision-2012” mahnı müsabiqəsinin uğurla keçirilməsinə görə təbriklərini çatdırdı və Azərbaycanın inkişafından məmnun olduqlarını qeyd etdi. Dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu yüksək qiymətləndirən qonaq bildirdi  ki, iki ölkə arasında ticarət dövriyyəsinin səviyyəsi durmadan artır və bir çox sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Görüşdə mədəniyyət və təhsil sahəsində əməkdaşlıq üçün görülən işlər xüsusi qeyd olundu, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin əhəmiyyətindən danışıldı.
Sonra görüşdə Avropa İttifaqı ölkələrində maliyyə böhranı, enerji təhlükəsizliyi və digər mövzularda fikir mübadiləsi aparıldı. 

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU