AZƏRBAYCAN TOLERANT ÖLKƏDİR

XƏBƏRLƏR
11 may 2018 | 07:05   
Paylaşın:        

Mayın 11-də Milli Məclisdə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə səfərdə olan Rumıniyanın Dini məsələlər üzrə dövlət katibi Viktor Opaskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. 
Siyavuş Novruzov qonaqlara məlumat verdi ki, müstəqil Azərbaycanda dövlət və din münasibətləri 1995-ci ildə qəbul olunmuş Konstitusiyada təsbit olunub. Sonradan “Dini etiqad azadlığı haqqında” qanun da qəbul edilib. Azərbaycan tolerant ölkədir, burada insanların dini etiqadına hörmətlə yanaşılır, heç bir dinə qarşı ayrı-seçkilik yoxdur. Ölkəmizdə bir sıra dini qurumlar, çoxsaylı məscid, kilsə və sinaqoqlar fəaliyyət göstərir. Sivilizasiyaların yaxınlaşması məqsədilə Bakıda təşkil olunan beynəlxalq forumlarda dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına diqqət yetirilir. Biz bütün ölkələrlə, o cümlədən Rumıniya ilə hərtərəfli əlaqələr çərçivəsində din sahəsində də əlaqələrin qurulmasına tərəfdarıq.
Görüş zamanı Dağlıq Qarabağ probleminə toxunan komitə sədri  vurğuladı ki, işğal altında olan Azərbaycan torpaqlarında, həmçinin soydaşlarımızın deportasiya olunduğu Ermənistan ərazisində xalqımıza məxsus bütün məscidlər və qəbiristanlıqlar, hətta alban abidələri dağıdılıb. Halbuki Azərbaycanda erməni kilsəsi qorunub saxlanılır.
Sonra Rumıniya nümayəndə heyətinin başçısı Viktor Opaski Milli Məclisdə keçirilən görüşə mühüm əhəmiyyət verdiklərini vurğuladı. Təmsil etdiyi qurum, Rumıniyada dövlət və din münasibətləri barədə  məlumat verdi. Bildirdi ki, Rumıniyada din dövlətdən ayrıdır. Bu, 1991-ci ilin dekabrında qəbul olunmuş ölkə Konstitusiyasında da təsbit olunub. 2006-cı ildə dini azadlıq haqqında model qanun qəbul edilib. Kommunist rejimi dövründə fəaliyyəti dayandırılmış bəzi dini məbədlərə müstəqillik dövründə yenidən fəaliyyət imkanı verilib. Hazırda Dini məsələlər üzrə dövlət katibliyi adını daşıyan qurumun əslində 160 illik tarixi var. 
Görüş zamanı qarşılıqlı informasiya mübadiləsindən sonra əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin deputatları Mirkazım Kazımov, Cavanşir Paşazadə, Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku, digər rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU