BEYNƏLXALQ ƏLAQƏLƏRİMİZ GENİŞLƏNİR

XƏBƏRLƏR
21 may 2018 | 07:05   
Paylaşın:        

Mayın 21-də Milli Məclisdə vitse-spiker Bahar Muradova Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin  (XİP MK) Xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
Milli Məclis Sədrinin müavini ölkəmizdə səfərdə olan Laos nümayəndə heyətinə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyada maraqlı olduğunu, Avropa ilə əməkdaşlığa ciddi əhəmiyyət verildiyi kimi Asiya ölkələri ilə də əməkdaşlığın genişlənməsinə maraq göstərdiyini qeyd etdi. O cümlədən, Hind-Çin yarımadası ölkələri ilə siyasi, iqtisadi, ticarət və mədəni əlaqələr qurmağa hazır olduğumuzu bildirdi. Xatırlatdı ki, hələ sovet dövründə təhsil sahəsində əlaqələrimiz var idi, Laos gəncləri ali təhsil almaq üçün Azərbaycana gəlirdilər.
Vitse-spiker bu gün Yeni Azərbaycan Partiyasının qərargahında YAP-la Laosun Xalq İnqilabı Partiyası arasında əməkdaşlığa dair Sazişin imzalanmasını yüksək dəyərləndirdi. Azərbaycan-Laos əlaqələrinin genişləndirilməsi baxımından hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasını vacib saydı.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan parlamentinin 100 illik tarixindən və yubileyindən söz açan  Bahar Muradova Milli Məclisin tərkibi və strukturu barədə məlumat verdi. Bildirdi ki, parlamentdə 12 siyasi partiyanın nümayəndəsi var. Çoxluq YAP-a məxsusdur. 39 nəfər bitərəf deputatdır. Parlamentdə 15 komitə, 2 komissiya fəaliyyət göstərir.
Görüşdə nümayəndə heyətinin başçısı Sounton Sayaçak Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan parlamentinin 100 illik yubileyi, həmçinin bu yaxınlarda keçirilmiş prezident seçkilərinin uğurla nəticələnməsi münasibətilə təbriklərini çatdırdı. Təmsil etdikləri qurum barədə ətraflı məlumat verdi. Bildirdi ki, vaxtilə Bakıda təhsil almış laoslular Laos-Azərbaycan Dostluq Cəmiyyəti yaradırlar. Həmin cəmiyyət də münasibətlərimizin inkişafına öz töhfəsini verəcək.  Qeyd etdi ki, ölkəmizdən ayrıldıqları illər ərzində Bakı çox dəyişib və daha da gözəlləşib. Vurğuladı ki, Laos və XİP MK Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlıdır. Xanım Sounton Sayaçak Milli Məclisin deputatlarını ölkəsinə dəvət etdi.
Söhbət zamanı ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, hazırkı səfər sıx əlaqələrin qurulmasına xidmət edir, qarşılıqlı səfərlərin intensivləşməsi faydalı olar.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarsı əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edirdi.


  Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU