MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
08 iyun 2012 | 01:06   
Paylaşın:        

İyunun 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan  Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri, AFR-in hakim CSU partiyasının üzvü  Ruprext Polens ilə görüşdü. 
Qonağı mehribanlıqla qarşılayan Səməd Seyidov Azərbaycan-Almaniya münasibətlərinin inkişafından söz açdı. Bildirdi ki, Almaniya ilə hərtərəfli əlaqələrin genişlənməsinə ölkəmizdə xüsusi önəm verilir. Bu prosesdə Milli Məclislə Bundestaqın əlaqələrinin vacibliyini vurğuladı, qanun yaradıcılığı prosesində təcrübə mübadiləsinin səmərəliliyini qeyd etdi. Deputatların qarşılıqlı səfərlərinin hər iki tərəf üçün faydalı olduğunu dedi. Parlamentlərimiz arasında daha sıx əlaqələrin qurulmasında dostluq qruplarının fəaliyyətini yüksək dəyərləndirdi, mühüm işlər gördüklərini söylədi.
Görüşdə Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri  Ruprext Polens öncə Bakının füsunkar gözəlliyinə və Milli Məclis binasının yaraşığına valeh olduğunu qeyd etdi. Regionda aparıcı dövlət olan Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını vurğuladı. Parlamentlərin və deputatların əməkdaşlığının hər iki ölkəyə fayda gətirdiyini bildirdi. 
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu, Milli Məclisin işi və strukturu barədə qonağa ətraflı məlumat verildi. 
Görüşdə Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelle iştirak edirdi.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU