MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
30 may 2018 | 07:05   
Paylaşın:        
Mayın 30-da ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Nikolas Löbel Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdü. 
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonağa ölkəmizin əldə etdiyi uğurlar, reallaşdırdığı layihələr, qanun yaradıcılığı prosesi barədə geniş məlumat verdi.
Bildirdi ki, Azərbaycan çətin regionda, çətin coğrafi məkanda gələcəyə ümidlə baxan müstəqil ölkədir. Azərbaycan Şərqlə Qərb arasında bir qapıdır. Həyata keçirilən TAP və TANAP layihələri Azərbaycan-Avropa münasibətlərinin uğurudur.
Söhbət zamanı Azərbaycan-Almaniya münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Görüş üçün təşəkkürünü bildirən Almaniya Bundestaqının deputatı Nikolas Löbel bildirdi ki, Azərbaycan Almaniya üçün çox vacib tərəfdaşdır. Bu ölkədə olmaqdan böyük məmnunluq keçirirəm. Azərbaycan regionda vacib rola sahibdir. Bu baxımdan da region dövlətləri içərisində ilk səfərini Bakıya etdiyini deyən qonaq ölkəmizlə yaxından maraqlandığını qeyd etdi. Qonaq Azərbaycandakı mövcud  dövlət-din münasibətlərini yüksək qiymətləndirərək, demokratik inkişaf yolunda əldə olunan uğurları xüsusi vurğuladı. Bakıya səfəri zamanı Cənub Qaz Dəhlizinin açılışı prosesini yaxından izlədiyini deyən qonaq bildirdi ki, bu Almaniya üçün də çox vacib layihədir. Bu layihənin reallaşması üçün Azərbaycan hakimiyyəti cəsarətli və uzaqgörən addım atıb. 
Söhbət zamanı Almaniyalı parlamentari xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təbrik etdi. 
Görüşdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Xanlar Fətiyev, Asim Mollazadə və Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU