MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
31 may 2018 | 05:05   
Paylaşın:        

Mayın 31-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın İsrail Xarici İşlər Nazirliyinin nümayəndələri Hila Rozenfeld, Mayk Drike, Zvika Ziv və Avital Rozenberqlə  görüşü oldu.
Sevinc Fətəliyeva qonaqları Azərbaycan parlamentində salamlayaraq,  İsraillə əlaqələrin dinamik inkişaf etdiyini söylədi. Xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndiyini dedi. Millət vəkili bildirdi ki, cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi qeyd olunur. Yubileylə əlaqədar həm ölkə daxilində, həm də xaricdə bir çox tədbirlər keçirilir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika idi. Mövcud olduğu zaman ərzində Azərbaycan Xalq Cümhuriyyəti xeyli uğurlar əldə etdi, ölkəmizin dövlətçilik və müstəqillik tarixində əhəmiyyətli rol oynadı. 
Qeyd edildi ki, bu gün dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni, təhsil,  humanitar sahələrdə əməkdaşlıq inkişaf edir. Münasibətlərimizin dərinləşməsində  parlamentlər önəmli yer tutur. Qonaqlara Milli Məclisin   fəaliyyəti barədə məlumat verildi. Diqqətə çatdırıldı ki, dövlətin bütün strukturlarında olduğu kimi, parlamentdə də qadınlar yüksək səviyyədə təmsil olunur. Qeyd edildi ki, Azərbaycanın qanunvericilik orqanında bir sıra dünya ölkələri, o cümlədən İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyəti göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri, aparılan danışıqlar informasiya və təcrübə mübadiləsi baxımından vacibdir.
Sevinc Fətəliyeva ölkəmizin geosiyasi mövqeyindən söhbət açdı. Qeyd edildi ki, Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Məsələnin həlli istiqamətində zəruri addımlar atılır. Bu gün regionda təhlükəsizliyin təmin edilməsi aktual məsələlərdəndir və bu sahədə səmərəli işlər həyata keçirilir.
İsrail nümayəndə heyətinin üzvləri Azərbaycana səfərdən və səmimi görüşdən məmnun olduqlarını bildirdilər. Ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın və səmimi dostluq münasibətlərinin mövcudluğunu vurğuladılar. Qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcəyini söylədilər.
Millət vəkili Sevinc Fətəliyeva qonaqların ünvanladığı bir sıra suallara ətraflı cavablar verdi.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, terrorizmlə mübarizə və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə İsrailin Azərbaycandakı səfiri Dan Stav iştirak edirdi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU