YAP SURAXANI RAYON TƏŞKİLATININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
04 iyun 2018 | 04:06   
Paylaşın:        

İyunun 4-də  Milli Məclisdə  Yeni Azərbaycan Partiyası  Suraxanı  rayon  təşkilatın   Gənclər  Birliyinin bir  qrup  üzvü  Milli Məclisdə  oldu.
Qonaqları  Milli Məclisin Suraxanı  rayonundan  seçilmiş  deputatı Sevinc Fətəliyeva salamladı. Onlara  Milli Məclisin  fəaliyyəti, beynəlxalq  təşkilatlarla  səmərəli  əməkdaşlıq,  qəbul  edilən  sənədlər  barədə  ətraflı məlumat verdi. Millət  vəkili  2018-ci ilin  cənab Prezident  tərəfindən “Cümhuriyyət  ili” elan edilməsinin təsadüfi olmadığını, bu ilin xalqımızın  şərəfli  tarixində  parlaq  bir  səhifə olduğunu  vurğuladı. Bu  görüşün Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illik  ildönümünə  hazırlıq  getdiyi  bir ərəfədə baş tutmasının  əhəmiyyətindən  danışdı.  Onlara  lazımi tövsiyələr verdi.
Görüşdə  iştirak  edən  parlamentin komitə  sədrləri Siyavuş Novruzov və Ülvi Quliyev, millət  vəkili Kamran Bayramov vurğuladılar ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin taleyi çox böyük təhdidlərlə üz-üzə qalmışdı. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı qısa müddətdə mövcud problemlərin həllində xüsusi rol oynadı.  Onun  uzaqgörən  siyasəti  nəticəsində ölkədə  Gənclər  günü  təsis  olundu, respublika  Gənclərinin ilk Forumu  keçirildi, idman  sahəsində  böyük  nailiyyətlərə imza  atıldı. Azərbaycanda gənclərin ictimai həyata inteqrasiyasını sürətləndirmək, həyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün qanunvericilik bazası yaradıldı, böyük kapital qoyuluşları həyata keçirildi. Bu gün  gənclər  Azərbaycanın güclü dayaqlarından birinə çevrilmişlər. Ölkəmizdə gənclərin bütün istiqamətlərdə fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır. İndi gənclərimiz proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. YAP Gənclər Birliyi isə bu gücün Azərbaycan cəmiyyətində fəaliyyət göstərən ən öncül, ən aparıcı hissəsidir.
Görüşdə ölkəmizdə gənclər siyasəti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, gənclərə dövlət dəstəyi və qayğısı, Azərbaycan gəncliyinin əldə etdiyi nailiyyətlər, həyata keçirilən dövlət proqramları barədə geniş fikir mübadiləsi aparıldı. Gənclərlə keçirilən belə görüşlərin əhəmiyyəti vurğulandı, bu ənənənin davam etdirilməsinin vacibliyi diqqətə çatdırıldı.
Görüşün sonunda  gənclər  onlar  üçün yaradılmış bugünkü  fürsətə  görə parlament rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Onları  maraqlandıran  suallara millət  vəkilləri  tərəfindən ətraflı cavablar  verildi. 

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU