MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
21 iyun 2018 | 05:06   
Paylaşın:        

İyunun 21-də Milli Məclis  Sədrinin birinci  müavini, Müdafiə təhlükəsizlik və korrupsiya ilə mübarizə  komitəsinin  sədri Ziyafət  Əsgərov  ölkəmizdə  səfərdə olan  Əlcəzairin ədliyyə naziri  Tayeb Louh  ilə görüşdü.
Qonağı  salamlayan Ziyafət Əsgərov bildirdi ki, Azərbaycanla Əlcəzairin tarixi dostluq münasibətləri ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığı üçün yaxşı imkanlar yaradır. Azərbaycan Əlcəzairlə münasibətlərin dərinləşməsində maraqlıdır. Ölkələrimizin beynəlxalq qurumlarda qarşılıqlı əməkdaşlığı  da  yüksək  səviyyədədir. Vitse-spiker qeyd etdi ki, Əlcazair Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Ölkəmizin dünyaya, o cümlədən İslam aləminə verdiyi töhfələrdən danışan Ziyafət Əsgərov onu da diqqətə çatdırdı ki, işğalçı Ermənistan zəbt etdiyi Azərbaycan ərazilərində dini, tarixi abidələrimizi dağıdıb, talan edib.
 Əlcazairin Ədliyyə naziri Tayeb Louh Bakıya səfərinin əhəmiyyətindən danışaraq bildirdi ki, münasibətlərin dərinləşməsi hər iki ölkənin marağındadır. Dövlət başçıları səviyyəsində bu məsələyə  yüksək diqqət ayrılır. Qonaq  qeyd  etdi ki,  son zamanlar ölkələrimiz arasında məhkəmə-hüquq sahəsində imzalanan sənədlər bu əməkdaşlığın faydalı olacağından xəbər  verir. O, parlamentlərarası  münasibətlərin inkişafı  üçün  parlamentlərarası  dostluq  qruplarının  yaradılmasının  əhəmiyyətini vurğuladı.
Söhbətdə mövcud münaqişələrin həlli məsələsindən danışan qonaq diqqətə çatdırdı ki, ölkəsi bu cür problemlərin beynəlxalq  hüququn norma  və prinsipləri  əsasında  həllinin tərəfdarıdır və bu mövqe dəyişməz olaraq qalır.
Görüşdə  qarşılıqlı  maraq  doğuran  bir  sıra  məsələlər  ətrafında  fikir mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU