ATƏT-ə ÜZV ÖLKƏLƏRİN DAİMİ NÜMAYƏNDƏLƏRİNDƏN İBARƏT NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
22 iyun 2018 | 04:06   
Paylaşın:        

İyunun 22-də Milli Məclis  Sədrinin  müavini, ATƏT-dəki  daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət heyətlə görüşdü.
Bahar Muradova qonaqları səmimi salamlayaraq bu səfərin ATƏT-in və onun institutlarının regionda gedən prosesləri dərindən öyrənməsi üçün əhəmiyyətini qeyd etdi.  Bildirildi ki, bu cür  səfərlər bölgədəki prosesləri təhlil etmək və ölkələrin mövqelərini müəyyənləşdirmək, qurumun siyasətinin prioritet istiqamətlərini daha dəqiq formalaşdırmaq işinə öz töhfəsini verəcək. Vitse-spiker bu il Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyini vurğuladı. Azərbaycanda müsəlman Şərqində 100 il bundan əvvəl ilk demokratik cümhuriyyətin qurulmasından,  qadınlara kişilərlə bərabər seçim hüququ verilməsindən, formalaşmış demokratik ənənələrdən və ölkəmizin dövlət quruculuğu istiqamətində nailiyyətlərindən söz  açdı.
Bildirildi ki,  Azərbaycan heç bir təhlükəsizlik alyansına, hərbi bloka üzv olmayan ölkədir. Odur ki, bizim həm ATƏT-lə, həm də digər ölkələrlə münasibətdə siyasətimiz müəyyən kriteriyalara əsaslanır. Azərbaycan hesab edir ki, Avropa təhlükəsizlik arxitekturası hazırda növbəti krizis dövrünü yaşayır. Bu həm Avropanın özündə, həm də digər regionlarda baş verən hadisələr nəticəsində meydana gəlib.
Azərbaycanın ATƏT-lə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan Bahar Muradova dedi ki, ölkəmizin Parlament Assambleyasında fəaliyyət göstərən daimi nümayəndələri var. Ölkəmiz bu nümayəndə heyəti ilə birlikdə ATƏT Parlament Assambleyasının ümumi prioritetlərinin formalaşmasında və siyasətinin həyata keçirilməsində iştirak edir.
Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lakan səfər çərçivəsində görüşdə 20-dən çox səfirin iştirak etdiyini dedi. Cənubi Qafqaza səfər zamanı hökumət nümayəndələri, Baş nazir, vətəndaş cəmiyyəti üzvləri ilə görüşlərin nəzərdə tutulduğu bildirildi. Xanım qonaq bildirdi ki, Azərbaycan ATƏT dəyərlərinin təşviqi üçün vacib üzvdür. Qurum Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
İtaliyanın ATƏT yanında daimi nümayəndəsi, Daimi Şuranın sədri Allessandro Azzoni Avropada təhlükəsizlik arxitekturasının böhran yaşadığını dedi. O, qarşılıqlı təcrübə mübadiləsi üçün dialoqların qurulmasının vacibliyini vurğuladı. Bildirildi ki, bu səfər Azərbaycanla ATƏT arasında əməkdaşlığın genişləndirilməsinə böyük töhfə olacaq.
Sonra Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Fərəc Quliyev, Araz Əlizadə, Asim Mollazadə, Tahir Kərimli, Elşən Musayev, Xanhüseyn Kazımlı, Rəfail Hüseynov, Sevinc Fətəliyeva, Azay Quliyev ATƏT-lə Azərbaycan arasındakı əlaqələrdən söz açdılar. Təşkilata üzv ölkələrlə Azərbaycanı birləşdirən ikitərəfli əməkdaşlıqdan, iqtisadi, ticari, enerji, mədəniyyət, təhsil sahəsindəki  münasibətlərdən danışıldı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən, bunun ölkəmiz üçün ağır nəticələrindən söhbət açıldı. Qeyd olundu ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Bu təcavüz nəticəsində 1 milyondan artıq azərbaycanlı öz  doğma ocağında  qaçqın və məcbur köçkünə çevrilib. Bu insanların  yaşayış şəraitinin yaxşılaşdırılması üçün hökumət  tərəfindən  lazımi işlər görülsə də, onlar öz  doğma  evlərinin həsrətini çəkirlər. Çıxış edən millət  vəkilləri  ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı prinsipial mövqe sərgiləməsinin vacibliyini vurğuladılar.
Söhbətdə  qarşılıqlı maraq  doğuran bir  sıra  məqamlara  toxunuldu.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU