MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
28 iyun 2018 | 03:06   
Paylaşın:        

İyunun 28-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları səmimi salamlayan Ziyafət Əsgərov İran və Azərbaycanın müştərək tarixə, mədəniyyətə və eyni dinə malik olduğunu dedi. Qeyd olundu ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra iki ölkə arasındakı əlaqələrə xüsusi əhəmiyyət verilib, dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədə qorunub. Bu əlaqələrin bu gün də inkişaf etdirildiyini söyləyən Ziyafət Əsgərov xalqlarımız arasındakı mehribançılığı xüsusi vurğuladı.
Vitse-spiker onu da bildirdi ki, prezidentlərimizin qarşılıqlı səfərləri dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə təkan verir və bugünkü İran-Azərbaycan münasibətləri  bir çox ölkələrə nümunə ola biləcək səviyyədədir. O, 2010-cu ildən bəri İranda və Azərbaycanda qarşılıqlı olaraq hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsinin artıq ənənə halını aldığını diqqətə çatdırdı. Ziyafət Əsgərov parlamentlərarası əlaqələrdən danışarkən dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdi və Azərbaycan-İran Müştərək Komissiyasının fəaliyyətini xüsusi qeyd etdi, dəmir yolunun inkişafı üçün görülən işlərdən danışdı.
Görüşdə vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəblərindən və ölkəmiz üçün ağır nəticələrindən də söhbət açdı. Qeyd edildi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan  torpaqlarının 20  faizini işğal altında  saxlayır. İşğal altında olan ərazilərimizdə azərbaycanlilara qarşı etnik təmizləmə siyasəti aparılıb, 1 milyon 200 min soydaşımız öz doğma ocağında qaçqın və məcbur köçkünə çevrilib. Ermənistan  tərəfi BMT-nin Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunması  barəsində  qəbul etdiyi  qətnamələrə məhəl qoymur.
Səmimi görüş üçün minnətdarlığını bildirən İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi qədim tarixə malik olan Azərbaycan-İran əlaqələrinin son illər yüksək səviyyəyə çatdığını dedi. Nazir bu münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin əhəmiyyətini dilə gətirdi. Qonaq  hər iki ölkənin regional və beynəlxalq məsələlərdə müştərək mövqe sərgilədiyini söylədi. İqtisadi əlaqələrdən söz açan Seyid Abbas Salehi bu münasibətlərin daha da dərinləşdirilməsi üçün görülən işlərdən danışdı, elm, təhsil, mədəniyyət sahələrində əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu bildirdi.
Görüşdə  Milli Məclisin  İranla parlamentlərarası əlaqələr  üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, qrup üzvləri Hadi Rəcəbli, Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev və digər rəsmi şəxslər  iştirak  edirdilər.
Söhbətdə qarşılıqlı maraq doğuran bir  sıra  məqamlara  toxunuldu.


Milli  Məclisin

Mətbuat xidməti

 

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU