AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ PARLAMENTDƏ

XƏBƏRLƏR
13 iyun 2012 | 05:06   
Paylaşın:        

İyunun 13-də Azərbaycan parlamentində ölkəmizdə fakt-araşdırıcı səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin nümayəndə heyəti ilə bir sıra görüşlər keçirildi.
Öncə Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüş oldu. Hakim partiyadan YAP icra katibinin müavini Mübariz Qurbanlı parlamentdəki 11 siyasi partiyanın nümayəndələrini qonaqlara təqdim etdi. Milli Məclisin tərkibi, qanunvericilik fəaliyyəti barədə məlumat verdi. Bir sıra beynəlxalq konvensiyalara qoşulduğumuzu, qanun yaradıcılığı prosesində Avropa dəyərlərinə üstünlük verildiyini nəzərə çatdırdı.
 Sonra görüşdə iştirak edən digər siyasi partiyaların rəhbərləri fikirlərini bölüşdülər. Deputatlardan Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qonaqları maraqlandıran bir sıra məsələlərdən söhbət açdılar.
Söhbət zamanı Azərbaycan həqiqətləri AŞPA Monitorinq Komitəsi həmməruzəçilərinin diqqətinə çatdırıldı, ölkəmizin ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindəki son durum  barədə məlumat verildi. Bildirildi ki, son günlər Ermənistan ordusu mütəmadi olaraq cəbhə xəttində atəşkəs rejimini pozur, əsgərlərimiz arasında ölənlər və yaralananlar var.
Deputatlarımız AŞPA-nı bu münaqişənin həllində seyrçiliyə son qoymağa, fəal və ədalətli mövqe tutmağa çağırdılar. Təcavüzkar Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi vacibliyi qeyd olundu.   
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramunt Font de Mora görüşdə səslənən fikirlərə münasibət bildirdi. 


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU