NATO PARLAMENT ASSAMBLEYASININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
13 sentyabr 2018 | 06:09   
Paylaşın:        

Sentyabrın 13-də Milli Məclis  Sədrinin birinci  müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya  ilə  mübarizə komitəsinin sədri  Ziyafət  Əsgərov ölkəmizdə  səfərdə olan NATO  Parlament  Assambleyasının  sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları  salamlayan  Ziyafət Əsgərov onların ölkəmizə çox əlamətdar  bir  dövrdə  səfər  etdiklərini, bir  həftədən sonra  xalqımız Azərbaycan Parlamentinin 100 illik yubileyini qeyd  edəcəyini söylədi. Vitse-spiker Azərbaycan-NATO  əlaqələrinin yüksələn  xəttlə inkişaf   etdiyini  bildirdi.  Ziyafət Əsgərov bu  səfərin  münasibətlərimizin inkişafına  daha böyük təkan  verəcəyini, qonaqların ölkəmizin tarixi, iqtisadiyyatı, milli-mədəni dəyərləri haqqında geniş məlumata  sahib olacaqlarını vurğuladı.
Qeyd olundu ki, Azərbaycan Avropanın  neft-qaz  və karbohidrogen  ehtiyatları ilə təmin olunmasında  mühüm rol oynayır. Ölkəmizin Qərblə Şərq  arasında  dəmir  yolu  xəttinin inkişafına  xüsusi  töhfə verdiyini deyən birinci vitse-spiker ötən il Bakı-Tbilisi-Qars  dəmir  yolu  xəttinin açılışını bu  sahədə mühüm  addım kimi dəyərləndirdi.
Sonra o, NATO-nun sülhməramlı əməliyyatlarında və beynəlxalq təhlükəsizlik proqramlarında  Azərbaycanın  iştirakından  söz  açdı. Ölkəmizin bölgədə təhlükəsizliyin bölünməzliyi prinsiplərinə sadiq olduğunu vurğuladı. Lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin  regionun təhlükəsizliyini  ciddi  təhdid  altında  saxladığını  qeyd  etdi.  Bildirildi ki,  BMT Təhlükəsizlik Şurasının, NATO-nun və digər  qurumların qətnamələrinə məhəl qoymayan Ermənistan Azərbaycanın 20  faiz  torpağını 25  ildən  artıqdır ki, işğal  altında  saxlayır. 1 milyondan  artıq  soydaşımız  qaçqın və  məcburi köçkün  həyatı  yaşayır. Ziyafət  Əsgərov bəzən  Azərbaycanın beynəlxalq  təşkilatlar  tərəfindən ikili  standartlara məruz  qaldığını və NATO-nun bu  sahədə  Azərbaycana  dəstəyini  artırmalı  olduğunu qeyd  etdi.  
 NATO Parlament Assambleyasının sədri Paolo Alli vurğuladı ki, bu görüşdə  11 ölkəni  təmsil edən  nümayəndə  heyətlərinin  16  üzvü  iştirak edir. O, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası münasibətlərin əhəmiyyətli rol oynadığını vurğuladı və Bakıda qurumun  İqtisadiyyat və təhlükəsizlik komitəsinin  Keçid  və İnkişaf Alt komitəsinin növbəti toplantısının keçirilməsini yüksək dəyərləndirdi. Təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrin dərinləşməsinə böyük önəm verdiyini söylədi. Qarşıdan  gələn Azərbaycan parlamentinin 100 illik yubileyi  münasibəti ilə xalqımıza  təbriklərini çatdırdı.
Görüşdə Milli Məclisin  NATO-dakı  nümayəndə  heyətinin üzvləri  Siyavuş Novruzov, Məlahət  İbrahimqızı, Qüdrət Həsənquliyev, Kamran Bayramov, NATO PA-nın sədr müavini, Portuqaliya üzrə Azərbaycanla dostluq qrupunun rəhbəri Vitalino Canas və digər  rəsmi şəxslər  iştirak edirdilər.


Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU