MİLLİ MƏCLİSDƏ DƏYİRMİ MASA

XƏBƏRLƏR
14 sentyabr 2018 | 06:09   
Paylaşın:        

Sentyabrın 14-də Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı və parlamentdə təmsil olunan siyasi partiya nümayəndələrinin, beynəlxalq gənclər təşkilatları  üzvlərinin iştirakı ilə “Siyasi plüralizm və parlament təcrübəsi” mövzusunda Dəyirmi Masa keçirildi.
Qonaqları salamlayan Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri  Bahar Muradova bildirdi ki, parlamentin  tərkibi Azərbaycanın siyası palitrasını özündə tam şəkildə əks etdirir. Parlamentdə 11 siyasi partiya təmsil olunur. Vitse-spiker iştirakçılara parlamentin qanun yaradıcılığı prosesi, ölkədə insan hüquqlarının təminatı, digər ölkə və parlamentlərlə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə məlumat verdi. Azərbaycanın beynəlxalq  təşkilatlarla və dünya dövlətləri ilə əlaqələrin daha da inkişaf  etdirilməsinə tərəfdar olduğundan söz  açdı. Bahar Muradova qeyd etdi ki, bu tədbir ölkəmiz üçün  əlamətdar bir vaxta, müsəlman Şərqində ilk demokratik cümhuriyyət qurmuş Azərbaycan Parlamentinin 100 illik yubileyi ərəfəsinə təsadüf edir. Sentyabrın 21-də Milli Məclisin binasında 50-dək ölkənin nümayəndəsi, parlament rəhbərləri, beynəlxalq təşkilatların rəsmilərinin iştirakı ilə təntənəli yubiley tədbirləri keçiriləcək.
Sonra Bahar Muradova bildirdi ki, bu tədbirin əsas məqsədi Azərbaycanda parlamentarizmin, dövlətçiliyin yaranması və inkişafı məsələləri ətrafında iştirakçıları məlumatlandırmaqdır. Həmçinin Azərbaycan parlamentinin keçdiyi yol, bu müddət ərzində vətəndaş cəmiyyətinin formalaşması, siyasi plüralizmin inkişafı və parlamentarizm ənənələrinin möhkəmlənməsi istiqamətində atılan addımlar, nailiyyətlərimiz, uğurlarımız barədə fikir mübadiləsinin aparılmasıdır.
Tədbirdə çıxış edən Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin, parlamentin yaranması tarixi, seçki sistemi haqqında geniş məlumat verdi.  Qeyd  olundu ki, bu gün Yeni Azərbaycan Partiyası parlamentdə  68 deputatla təmsil olunur. Parlamentin strukturu barədə məlumat verən Siyavuş Novruzov komitələrin iş prinsipindən də söz açdı. 
Sonra toplantıda Avropa Demokratik Gənclər İcmasının (DEMYC) sədri Havier Hurtado təmsil etdiyi  qurum barədə geniş məlumat verdi.  Bildirildi ki, DEMYC bir əməkdaşlıq platformasıdır və Avropanın ən güclü siyasi gənclər təşkilatlarından biridir. 1964-cü ildə təsis olunub.  Havier Hortado həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində təşkilatın dəstəyini təklif etdi, münaqişə tərəfləri arasında dialoqun yaranmasına dəstək ola biləcəklərini  söylədi.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları, Demokratik İslahatlar  Partiyasının  sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Vəhdət  partiyasının sədri Tahir Kərimli, Sosial Rifah Partiyasının sədri  Xanhüseyn Kazımlı, BAXCP-nin sədri Qüdrət  Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev ölkənin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən  söhbət  açdılar. Qeyd  olundu ki, 25 ildən artıqdır ki, davam edən münaqişə bütün regionun təhlükəsizliyini ciddi  təhdid altında saxlayır. 
Tədbirdə Şanxay Əməkdaşlıq  Təşkilatının  Gənclər  Şurasının sədri Talaybek  Dayirbekov, DEMYC-in baş katibi Marqarita  Saltinin,  Mərakeş parlamentinin üzvü Abdulmecid Fassi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur  Orucov  çıxış edərək öz  fikirlərini bildirdilər, tədbirin əhəmiyyətindən  danışdılar. 
Söhbətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU