AZƏRBAYCANDA APARILAN İSLAHATLAR DİGƏR ÖLKƏLƏRƏ NÜMUNƏ KİMİ GÖSTƏRİLİR

XƏBƏRLƏR
13 iyun 2012 | 03:06   
Paylaşın:        

İyunun 13-də parlamentdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşdülər.
Parlamentin komitə sədri Əli Hüseynli qonaqları salamlayaraq ölkəmizin AŞPA ilə səmərəli əməkdaşlıq etdiyini və gələcəkdə bu əlaqələri daha da möhkəmləndirmək niyyətində olduğunu qeyd etdi. Qonaqların  diqqətinə çatdırıldı ki, məqsədyönlü siyasət nəticəsində ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın inkişafı istiqamətində əməli addımlar atılır. Bu sahədə həyata keçirilən islahatların hüquqi bazasını təşkil edən qanunvericilik aktları qəbul edilir. Təqdirəlayiq haldır ki, Azərbaycanın məhkəmə sistemi sahəsində apardığı islahatlar AŞPA tərəfindən digər ölkələrə nümunə kimi göstərilir.
Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda aparılan islahatlar və insan haqlarının qorunması sahəsində görülən işlər barədə fikirlərini açıqladılar. Onlar təmsil etdikləri qurumun ölkəmizdə gedən demokratik proseslərə dəstək vermək niyyətində olduğunu söylədilər.
Sonra görüşdə Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi, ikitərəfli əlaqələrin inkişafı, Avropaya inteqrasiya və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU