QONAQLAR AZƏRBAYCAN PARLAMENTİNİN 100 İLLİYİNİN QEYD OLUNMASINI YÜKSƏK DƏYƏRLƏNDİRİR

XƏBƏRLƏR
19 sentyabr 2018 | 06:09   
Paylaşın:        

Sentyabrın 19-da  Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov 100 yaşlı Azərbaycan Parlamentinin yubileyi münasibətilə ölkəmizdə səfərdə olan Türkiyə və Misirin nümayəndə heyətləri ilə görüşdü. Görüşlərdə yubiley tədbirlərinin mühüm əhəmiyyət daşıdığı vurğulandı.
Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq münasibətlər komissiyasının sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Ziyafət Əsgərov sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünə həsr olunmuş möhtəşəm paradda  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakından qürur duyduğumuzu bildirdi. Vurğuladı ki, Türkiyəyə qarşı yönəlmiş çağırışlarda Azərbaycan hər zaman qardaş Türkiyənin yanında olacaq.
TBMM-in komissiya sədri Volkan Bozkır yubiley tədbirlərində iştirakdan şərəf duyduqlarını bildirdi, parlamentarilərə təbriklər ünvanladı.
Sonra nümayəndə heyətinin üzvləri fikirlərini bölüşdülər.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə toxunuldu. Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşımasının məmnunluq doğurduğu  bildirildi.
***
Elə həmin gün Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Misir Ərəb Respublikası Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifin başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşdü.
1918-ci ildə müsəlman Şərqində yaranan ilk demokratik respublikanın, parlamentli cümhuriyyətin tarixindən söz açan Ziyafət Əsgərov qonaqlara 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti barədə ətraflı məlumat verdi. Həmin dövrdə parlamentdə 235 qanun və qərarın qəbul edildiyini bildirdi. Hazırkı Azərbaycan dövlətinin və parlamentinin 100 il öncə yaranmış o dövlətin varisi olduğunu qeyd etdi.
Yubileylə əlaqədar Misir parlamenti və xalqı adından təbriklərini çatdıran Nümayəndələr Palatası sədrinin I müavini Mahmud Əhməd Şərif dedi ki, Azərbaycana gəlişdən fəxarət duyuruq. Azərbaycan inkişaf etmiş ölkədir, burada hər şey yüksək səviyyədədir. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın genişlənməsi üçün deputat kimi bütün imkanlarımızdan istifadə edəcəyik. Misir Dağlıq Qarabağ problemində BMT-nin məlum qətnamələrini, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Sonra qonaq Milli Məclisin rəhbərliyini öz ölkəsinə dəvət etdi.
Görüşdə Misirlə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial olduğu bildirildi.  

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU