100 YAŞLI PARLAMENT AZƏRBAYCAN XALQININ BÖYÜK NAİLİYYƏTİDİR

XƏBƏRLƏR
20 sentyabr 2018 | 07:09   
Paylaşın:        

Sentyabrın 20-də  Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə ölkəmizə səfərə gəlmiş Vyetnam və Hindistanın nümayəndə heyətləri ilə görüşdü. Söhbətlərin əsas məğzi bu oldu ki, 100 yaşlı parlamentə malik olmaq Azərbaycan xalqının çox böyük nailiyyətidir.
Hər iki görüşdə Ziyafət Əsgərov Azərbaycan Xalq Cümhuriyyəti və onun siyasi varisi olan müasir Azərbaycanın müstəqillik tarixi barədə ətraflı məlumat verdi. Ölkələrimiz arasında tarixən mövcud olan əlaqələrə toxundu. Ən müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu bildirdi. Qədim İpək Yolunun bərpası istiqamətində görülən işlərdən və çəkilən yolların region ölkələri üçün əhəmiyyətindən danışdı.
***
Vyetnam Milli Assambleyasının sədr müavini Uong Chu Luu yubileyə dəvətdən şərəf duyduqlarını bildirdi. Qeyd etdi ki, əməkdaşlığımız dərin köklərə söykənir, 4 mindən çox həmvətəni  Azərbaycanda ali təhsil alıb, Milli Assambleya deputatlarından 10 nəfəri Azərbaycanın məzunudur. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Son vaxtlar parlamentlərarası əlaqələr də yüksələn xətt üzrə inkişaf edir.
U.C.Luu Milli Məclis Sədrinin, I vitse-spikerin və Vyetnamla parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin öz ölkəsinə rəsmi dəvət olunduğunu diqqətə çatdırdı.
Görüşdə Azərbaycan-Vyetnam parlamentlərarsı əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Məsimli iştirak edirdi.
***
Hindistan nümayəndə heyəti ilə görüşdə Hindistan parlamenti təmsilçilərinin təbriklərini çatdıran deputat Kambadahally Hanumappa Muniyappa Azərbaycanla çoxşaxəli əməkdaşlığa böyük maraq göstərdiklərini bildirdi. Qarşılıqlı səfərlərin və dialoqun əhəmiyyətini vurğulayaraq Milli Məclisin rəhbərliyini öz ölkəsinə səfərə dəvət etdi.
Görüşdə Milli Məclisin deputatı Rüfət Quliyev iştirak edirdi. 

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU