AZİZİ ABDUCABBOR: “SİZİN BAYRAMINIZ BİZİM BAYRAMIMIZDIR.”

XƏBƏRLƏR
22 sentyabr 2018 | 05:09   
Paylaşın:        

Sentyabrın 22-də  Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Parlamentinin yubileyində iştirak etmiş  Tacikistan Nümayəndələr Palatası sədrinin birinci müavini Azizi Abducabborun başçılıq etdiyi  nümayəndə heyəti ilə görüşdü.
Tacikistana strateji tərəfdaş kimi yanaşdığımızı vurğulayan Ziyafət Əsgərov ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, parlamentlərarası, ticari, iqtisadi, humanitar əlaqələrin genişləndirilməsi vacibliyini diqqətə çatdırdı. Bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələri xüsusi razılıq doğurur. I vitse-spiker Azərbaycan Parlamentinin 100 illiyində fəal iştiraka və yubiley iclasındakı dərin məzmunlu çıxışa görə qonağa bir daha təşəkkürünü bildirdi. 
Tacikistan Nümayəndələr Palatası sədrinin birinci müavini Azizi Abducabbor qeyd etdi ki, sizin bayramınız, bizim bayramımızdır. Azərbaycan Parlamentinin 100 illiyində iştirakdan şərəf duyduq. Yubiley tədbirində çox şey görüb öyrəndik. Biz Azərbaycanın nailiyyətləri ilə fəxr edirik. Ölkələrimiz arasındakı münasibətlər dərin tarixi köklərə söykənir. Dostluğumuzun bünövrəsində dünya miqyaslı lider Heydər Əliyevlə Tacikistan prezidenti İmaməli Rəhmonun şəxsi münasibətləri dayanır. Hələ sovetlər dövründə məhz Heydər Əliyevin dəstəyi ilə Tacikistanda inşa olunmuş ümumittifaq əhəmiyyətli 6 zavoddan ibarət kompleksə görə bu gün də minnətdarıq. 
Sonra görüşdə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistanın ölkəmizdəki səfiri Rüstəm Soli  fikirlərini bölüşdülər.
Azizi Abducabbor Milli Məclisin deputatlarını öz ölkəsinə səfərə dəvət etdi.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU