AZƏRBAYCAN VƏ LATVİYA ARASINDA ƏLAQƏLƏR İNKİŞAF EDİR

XƏBƏRLƏR
19 oktyabr 2018 | 04:10   
Paylaşın:        
Oktyabrın 19-da ölkəmizdə səfərdə olan Latviya Bələdiyyələr İttifaqının nümayəndə heyəti Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri ilə görüşdülər.
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, Azərbaycanla Latviya arasında siyasi münasibətlər yüksək səviyyədədir və digər sahələrdə də əməkdaşlıq getdikcə inkişaf edir. 
Komitə sədri ölkəmizin bələdiyyə sistemindəki yenilikləri, qanunvericlik bazası, əldə olunan müsbət nəticələr barədə qonaqlara ətraflı məlumat verdi. Diqqətə çatdırdı ki, ölkədə 1500-ə yaxın bələdiyyə var, lakin Azərbaycanın 20 faiz ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna görə bu ərazilərdə yerli özünüidarəetmə orqanlarının yaradılması mümkün deyil.
Söhbət zamanı Milli Məclisin deputatı Kamran Bayramov bildirdi ki, bələdiyyələrimiz arasındakı əməkdaşlıq iki ölkənin münasibətlərinin inkişafında mühüm yer tutur. Deputat Latviyada Azərbaycan Ticarət Evinin açılması üzərində iş getdiyini və bunun tezliklə həyata keçiriləcəyinə əminliyini ifadə etdi. 
Görüşdə Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakas diqqətə çatdırdı ki, mövcud iqtisadi potensial hazırkı əməkdaşlıqdan qat-qat çoxdur. Bu baxımdan da ölkəsi Azərbaycanla iqtisadi, regional əməkdaşlığın daha da inkişafını, o cümlədən qarşılıqlı ticarət dövriyyəsinin artırılmasını istəyir. Səfir yerli özünüidarəetmə sahəsində yaxşı əlaqələrin qurulduğunu vurğulayaraq bunun tərəflər üçün faydalı olduğunu dedi. Əlavə etdi ki, nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində müxtəlif şəhər və rayonlarda görüşlər keçirib, müxtəlif ideyalar ətrafında faydalı müzakirələr aparıblar. 
Söhbət zamanı Latviya Bələdiyyələr İttifaqının sədri Gints Kaminskis də beynəlxalq qurumlardakı birgə əməkdaşlığın səmərəsindən danışdı, yerli özünüidarəetmə sahəsində qarşılıqlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşdü. 
Görüşdə Milli Məclisin deputatları Azər Badamov, Fəzail İbrahimli, Rüstəm Xəlilov, Malik Həsənov, Tahir Rzayev,  Cavid Osmanov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU