Ziyafət ƏSGƏROV: “AZƏRBAYCAN-SUDAN ƏLAQƏLƏRİNİN İNKİŞAFI ÜÇÜN BÖYÜK POTENSİAL VAR”

XƏBƏRLƏR
26 oktyabr 2018 | 06:10   
Paylaşın:        

Oktyabrın 26-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olan   Sudan Respublikası nümayəndə heyətinin üzvləri ilə görüşdü.
Bakıda keçirilən görüşlərin ölkələrimiz arasındakı əlaqələrin inkişafına təkan verəcəyini vurğulayan Ziyafət Əsgərov bildirdi ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Sudanla əməkdaşlığa mühüm əhəmiyyət veririk,  Azərbaycan-Sudan əlaqələrinin inkişafi üçün böyük potensial var, xüsusilə iqtisadiyyat, elm, təhsil, turizm sahələrində yaxşı perspektivlər mövcuddur. Parlamentlərarası əlaqələrimizin də möhkəmləndirilməsi vacibdir.
Qonaqlara Dağlıq Qarabağ problemi və Xocalı soyqırımından söz açan Milli Məclis Sədrinin birinci müavini razılıqla qeyd etdi ki, nüfuzlu beynəlxalq təşkilatlarda Sudan hər zaman Azərbaycanın ədalətli  mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir, 2014-cü ilin 1 sentyabr tarixində Sudan Milli Assambleyası Xocalı soyqırımını tanıyan qərar qəbul edib. Sudan Milli Assambleyasının sədri İbrahim Əhməd Ömərin Azərbaycan parlamentinin 100 illik yubileyində iştirak etməsi də ölkələrimiz arasındakı dostluğun təzahürüdür. 
Görüşdə nümayəndə heyətinin başçısı, Sudan Federal Hökumət Palatasının naziri Həmid Məhəmməd Elnur Əhməd Azərbaycan qonaqpərvərliyindən, səfər zamanı keçirilən görüşlərdən məmnunluqla söz açdı. Ərazi bütövlüyü məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bir daha vurğuladı və münaqişənin ədalətli həllini istədiklərini dedi.
Qonaq bildirdi ki, Sudan Azərbaycanla iqtisadiyyat, ticarət, neft, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq etmək arzusundadır. Nazir Azərbaycanı Sudanın Xartun şəhərində səfirlik açmağa dəvət etdiklərini bildirdi.
Görüşdə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təbriklərini yetirən Sudan Milli Assambleyasının üzvü, xanım Samia Həsən Sied Əhməd Edreas diqqətə çatdırdı ki, Sudan parlamentində qadınların sayı 30 faiz təşkil edir və Sədrin üç müavinindən ikisi xanımdır. Sonra Milli Assambleyanın üzvü Salah Haşim Babikr Sovareldahab əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşdü.
Görüşdə Sudanın ölkəmizdəki səfiri Abbas Mustafa Əhməd Abdalla, Azərbaycanın Sudandakı Fəxri konsulu Tarik Hamza, digər rəsmi şəxslər iştirak edirdilər. 

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU