MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
19 iyun 2012 | 06:06   
Paylaşın:        

İyunun 19-da Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Ombudsmanların X Bakı Beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüşdü.
Səmimi keçən görüşdə Ziyafət Əsgərov qeyd etdi ki, ombudsmanların Azərbaycanın YUNESKO-ya üzv olmasının 20 illiyinə həsr olunmuş “Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar” mövzusunda X Bakı Beynəlxalq konfransı çox vacib məsələni müzakirəyə çıxarmaqla əməkdaşlıq üçün yeni imkanlar yaradıb.
Sonra Ziyafət Əsgərov insan hüquq və azadlıqlarının qorunması istiqamətində Azərbaycan parlamentinin gördüyü işlər barədə məlumat verdi. Bildirdi ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox işlər görülür. Ölkəmiz insan hüquqları ilə bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulub. Bütün vətəndaşların hüquqları mövcud qanunvericilik əsasında yüksək səviyyədə qorunur.
Ziyafət Əsgərov müstəqillik dövrünün təsisatlarından olan ombudsman institutunun da insan hüquqlarının keşiyində dayandığını önə çəkərək bildirdi ki, yarandığı 10 il ərzində bu qurum ölkənin hüquq-mühafizə orqanları ilə yaxşı əməkdaşlıq əlaqələri yaradaraq işinin öhdəsindən layiqincə gəlir.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirdi ki, Milli Məclislə Ombudsman Aparatı arasında əməkdaşlıq yüksək səviyyədədir. Onlar insan hüquqlarının müdafiəsi ilə bağlı birgə fəaliyyət göstərirlər.
Görüşdə iştirak edən Türkiyə, Pakistan, Rusiya, Niderland, Yaponiya, Çin, Koreya, Kanada, Tailand, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər ölkələrin ombudsmanları, həmçinin hüquqşünas-alimləri çıxış edərək xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən, Bakıda müşahidə etdikləri iqtisadi inkişafdan, paytaxtın gözəlliyindən, eyni zamanda Ombudsmanların X Bakı Beynəlxalq konfransının yüksək səviyyədə təşkil olunduğundan söz açdılar. Qonaqlar belə tədbirlərin ombudsmanlar arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətini xüsusi qeyd etdilər. Sonra görüşdə ölkəmizin Konstitusiya tarixi və Ana Qanunun əsas müddəaları, Milli Məclisdə təmsil olunun partiyalar, seçki sistemi və digər mövzularda qonaqları maraqlandıran suallara cavab verildi, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU