MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
01 noyabr 2018 | 05:11   
Paylaşın:        
Noyabrın 1-də Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın Federal Ombudsmanı Syed Tahir Şahbazla görüşdü.
Qonağı salamlayan Bahar Muradova bildirdi ki, Azərbaycan sürətli iqtisadi inkişafa nail olmaqla yanaşı, humanitar sahədə də ardıcıl olaraq mühüm addımlar atır. Xüsusilə, ölkəmiz bu istiqamətdə mühüm tədbirlərin keçirildiyi məkanlardan birinə çevrilib. Bakıda keçirilən Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının 21-ci iclasında müzakirə olunan məsələlər bütövlükdə dünya üçün aktualdır. Belə tədbirlərin ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil. Çünki Azərbaycan insan hüquqlarının təmin olunması və qorunmasına böyük dəyər verir. Bahar Muradova Ermənistanın işğalçılıq siyasətinin nəticəsində yaratdığı Dağlıq Qarabağ münaqişəsindən, bu problem nəticəsində ev-eşiyindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərdən, əsir və girov götürülmüş azərbaycanlıların naməlum taleyindən geniş söz açdı. Münaqişənin nizamlanması məsələsində dost və qardaş ölkə olan Pakistanın göstərdiyi ədalətli mövqeyə görə təşəkkürünü bildirdi. 
Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının 21-ci iclasını yüksək səviyyədə təşkil etdiyinə görə ölkəmizə təşəkkürünü bildirən Syed Tahir Şahbaz belə tədbirlərin mühüm əhəmiyyətini vurğuladı. Qonaq Azərbaycanla Pakistanın yüksək səviyyəli əlaqələrindən də geniş söz açaraq ölkələrimizin xalqlarımız və dövlətlərimiz üçün həlli vacib məsələlərdə göstərdiyi qarşılıqlı dəstəyi xüsusi qeyd etdi.
Bildirdi ki, Pakistan bütün məsələlərdə Azərbaycanı dəstəkləyir. Eyni münasibəti Azərbaycan da Pakistana göstərir. 
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin deputatı Elman Nəsirov, Ombudsman Elmira Süleymanova və digər rəsmi şəxslər iştirak edirdilər.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU